Avrokuboklarda növbəti sınağına çıxmağa hazırlaşan “Qarabağ” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Ukraynanın ən titullu klublarından olan Kiyev “Dinamo”su ilə qarşılaşacaq. Zəngin beynəlxalq təcrübəyə malik rəqib son illərdə heyətini əsasən yerli futbolçular üzərində formalaşdırsa da, həm fərdi keyfiyyət, həm də komanda oyunu baxımından təhlükəli kollektiv olaraq qalır. “Qarabağ” üçün bu duelə hazırlıq prosesində rəqibin oyun üslubunu, güclü və zəif tərəflərini düzgün qiymətləndirmək həlledici amillərdən biri olacaq.

Kiyev “Dinamo”su yenidən əsasən yerli futbolçulara söykənən heyətlə çıxış edir. Komandanın onurğa sütununu Ukrayna millisinin və ölkə çempionatının tanınmış oyunçuları təşkil edir. Təcrübə ilə gəncliyin balansı qorunub saxlanılıb və heyətdə həm avrokuboklarda kifayət qədər oyun keçirmiş futbolçular, həm də yüksək potensiala malik gənclər var. Legionerlərin sayı çox olmasa da, hücum və müdafiə xəttinə fərqli xüsusiyyətlər gətirən əcnəbilər komandanın oyununa əlavə dinamika qazandırırlar.

Qapı xəttində əsas seçim Ruslan Neşçeretdir. O, xətt üzərində etibarlı qapıçıdır, yaxın məsafədən zərbələrin qarşısını almaqda və refleks reaksiyalarında güclüdür. Bununla yanaşı, ayaqla oyunda Avropanın elit qapıçıları səviyyəsində deyil və rəqibin intensiv pressinqi altında səhvlərə yol verə bilir. Ehtiyat qapıçılar Valentin Morhun və İlya Olxovı əsasən rotasiya üçün nəzərdə tutulublar.

Müdafiədə komandanın əsas dayaqları Denis Popov, Tomaş Kendzyura, Aleksandr Tımçik, Vladislav Dubinçak, Konstantin Vivçarenko və Taras Mıxavkodur. Popov hava toplarında və ikili mübarizələrdə ən güclü oyunçulardan biridir, lakin sürətli hücumçulara qarşı geniş meydanda oynayarkən çətinlik çəkə bilir. Kendzyura böyük təcrübəyə malikdir, müdafiədə düzgün mövqe seçməyi bacarır, amma əvvəlki illərlə müqayisədə sürəti azalıb. Tımçik və Dubinçak cinah müdafiəçiləri kimi tez-tez hücuma qoşulur, genişlik yaradır və çoxsaylı ötürmələr edirlər. Bu isə onların arxasında boş zonaların yaranmasına səbəb olur. Vivçarenko da hücumameyilli cinah müdafiəçisidir və rəqib əks-hücumlarında onun cinahından istifadə etmək mümkündür. Mıxavko və Bilovar fiziki cəhətdən güclü olsalar da, yüksək pressinq altında qərarvermədə bəzən səhvlər edirlər.

Yarımmüdafiə “Dinamo”nun ən güclü xətti hesab oluna bilər. Nikolay Şaparenko komandanın əsas oyun qurucusudur. O, tempi dəyişməyi, son ötürmələri verməyi və uzaq məsafədən təhlükəli zərbələr endirməyi bacarır. Vladimir Brajko müdafiə ilə hücum arasında əlaqəni təmin edir, top qazanmaqda və oyunun ritmini saxlamaqda vacib rol oynayır. Vitali Buyalski komandanın kapitanı və lideridir. O, boş zonaları yaxşı hiss edir, qayıdan toplarda yenidən təhlükə yaradır və hücumların təşkilində mühüm fiqurdur. Aleksandr Pixalyonok texniki bacarığı və yaradıcılığı ilə seçilir, Nazar Voloşin və Vladislav Kabayev isə sürətli cinah oyununa üstünlük verirlər. Təcrübəli Andrey Yarmolenko əvvəlki illərdəki sürətinə malik olmasa da, hələ də sol ayağı ilə təhlükəli zərbələri, ağıllı mövqe seçimi və həlledici ötürmələri ilə fərq yarada bilir. Amma o, PAOK-la matçlarda start heyətində meydana çıxmadı.

Hücum xəttində Eduardo Gerrerodan təhlükə gözləməliyik. Panama millisinin üzvü fiziki mübarizələrdə güclüdür, cərimə meydançasında düzgün mövqe tutur və hava toplarında təhlükə yaradır. Ancaq texniki baxımdan çox çevik forvard deyil. Matvey Ponomarenko və Boqdan Reduşko daha çox gələcəyin oyunçuları hesab olunur. Şola Oqundana sürəti ilə seçilir və boş zonalara qaçışları sevir. Vladislav Blenutsa cərimə meydançasında aktivliyi ilə diqqət çəkir. Kolumbiyalı Anxel Torres isə fərdi ustalığı və driblinqi ilə müdafiəni təkbətək vəziyyətlərdə çətinə sala bilən futbolçudur, cinahlarda təhlükəli seçim hesab edilir.

Baş məşqçi İqor Kostyuk əsasən 4-3-3 və 4-2-3-1 düzülüşlərindən istifadə edir. Onun komandası topa sahib olmağa, oyunu qısa ötürmələrlə qurmağa və cinahlardan hücum etməyə çalışır. Cinah müdafiəçilərinin irəli çıxması hesabına genişlik yaradılır, Şaparenko və Buyalski isə mərkəzdə kombinasiyaların əsas təşkilatçıları olurlar. Top itirilən kimi komanda dərhal ön xətdə pressinq tətbiq etməyə çalışsa da, bu pressinq hər zaman koordinasiyalı olmur. Rəqib təzyiq edən kimi müdafiə ilə yarımmüdafiə arasında boşluqlar yaranır. Xüsusilə cinah müdafiəçilərinin irəli çıxması arxada istifadə oluna biləcək zonalar açır.

a521c27c 5411 4ab4 aad6 20eeaf74a8ba - Futbolinfo.az

“Dinamo”nun ən böyük üstünlükləri texnikalı oyunçulardan qurulan yarımmüdafiə xətti, topa nəzarət bacarığı, cinahlardan sürətli hücumlar, standart vəziyyətlərdə hava üstünlüyü və avrokubok təcrübəsidir. Zəif tərəfləri isə yüksək pressinq altında top itkisi, sürətli əks-hücumlara qarşı bəzən gec yerləşməsi, mərkəz müdafiəçilərinin sürət çatışmazlığı və cinah müdafiəçilərinin arxasında yaranan boşluqlardır. “Qarabağ” sürətli keçidlərdən, cinahlardakı boş sahələrdən və ön xətdə aqressiv pressinqdən səmərəli istifadə edə bilsə, Kiyev təmsilçisinə ciddi problemlər yarada bilər. Bununla yanaşı, Şaparenko və Buyalskiyə rahat oynamaq imkanı verilməsi “Dinamo”nun hücum potensialını xeyli artıracaq və komandamız üçün təhlükə yaradacaq.

“Qarabağ” öz oyun fəlsəfəsinə sadiq qalaraq topa nəzarəti ələ ala, keçid hücumlarından və ön xətdəki fəal pressinqdən maksimum yararlana bilsə, bu cütün taleyini öz xeyrinə dəyişmək üçün kifayət qədər şansa sahib olacaq. “Dinamo”  təsnifat mərhələsində keçirdiyi 4 oyunda 390 dəqiqə ərzində cəmi 2 qol vura bilib. Ukrayna mətbuatını “Dinamo”nun hücum xəttinin “dişsizliyi” çox narahat edir.

“Dinamo”nun müdafiəsində ciddi problemlər görünür. Son 2 matçda buraxılan 5 top düşündürür, üstəlik, arxa xəttin 4 futbolçusu zədəlidir. Əvəzində “Qarabağ” qol vura bilməsə də, müdafiəsi yetərincə etibarlı təsir bağışlayır.

Məsələ ondadır ki, komandamızın problemləri də yetərincədir. Heyət hələ “çiy”dir. Ümid edirik ki, “Dinamo” ilə oyunda partlayış görə biləcəyik.

TAHİR MİRZƏ

Shares: