“Zirə”nin müdafiəçisi Ruan Renatonun futbolinfo.az saytına müsahibəsi
– Komandanız UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Estoniyanın “Payde” klubunu keçə bilmədi. Sizcə, buna əsas səbəb nə oldu?
– Düşünürəm ki, əsas səbəb yaratdığımız qol imkanlarından istifadə edə bilməməyimiz idi. Hər iki oyunda rəqibdən üstün oynadıq, amma bunu qollara çevirə bilmədik. Bunun əvəzində isə iki qol buraxdıq və həmin qollar bizim növbəti mərhələyə yüksəlmək şansımızı əlimizdən aldı. Məncə, məhz əsas səbəb bu idi.
– Hər iki görüşdə üstün tərəf olsanız da, növbəti mərhələyə adlaya bilmədiniz. Bu uğursuzluq sizə necə təsir etdi?
– Əlbəttə, çox məyus olduq. Meydanda göstərdiyimiz oyuna, matça hazırlığımıza və çıxışımıza görə mərhələ adlayacağımıza inanırdıq. Ancaq futbol belə oyundur. Bəzən üstün tərəf olursan, çoxlu qol epizodu yaradırsan, amma bunları dəyərləndirə bilməyəndə sonda bunun cəzasını nəticə ilə ödəyirsən. Buna görə də hamımız çox məyus idik. Bununla belə, artıq həmin oyunlar geridə qalıb və indi bütün diqqətimizi yeni başlayan mövsümə yönəltməliyik.
– Oyundan sonra nə baş verdi? Baş məşqçi və klub rəhbərliyi sizə nə dedi?
– Rəhbərlik və baş məşqçi də bizim kimi məyus idi. Çünki hər iki oyuna baxanda növbəti mərhələyə yüksəlməyə layiq tərəf biz idik. Təəssüf ki, bu baş vermədi. Amma klub rəhbərliyi və məşqçi heyəti kifayət qədər təcrübəlidir. Onlar komandaya əlavə təzyiq göstərmədilər, əksinə, bizi ruhlandırmağa çalışdılar ki, yeni mövsümə müsbət enerji və motivasiya ilə başlayaq.
– İndi Azərbaycan Premyer Liqasının yeni mövsümünə hazırlaşırsınız. Sizcə, bu mövsüm komandanız üçün fərqli olacaq?
– Buna ümid edirik. Arzumuz odur ki, bu mövsüm ötən ildən daha uğurlu keçsin. Keçən mövsümə yaxşı başlamışdıq, amma sonunu istədiyimiz kimi gətirə bilmədik və rəqiblər bizi qabaqladı. İndi isə yaxşı hazırlaşırıq ki, mövsüm ərzində sabit çıxış edək və turnir cədvəlinin yuxarı pillələri uğrunda mübarizəmizi davam etdirək.
– Premyer Liqada hədəfləriniz dəyişəcəkmi, yoxsa yenə əsas məqsəd avrokuboklara vəsiqə qazanmaq olacaq?
– Bilirik ki, Azərbaycan çempionatı ildən-ilə daha da güclənir. Komandalar heyətlərini gücləndirirlər. “Sabah”, “Turan”, “Neftçi”, uzun illərdir güclü çıxış edən “Qarabağ” kimi rəqiblər var. Bundan başqa, yeni komandalar da var və onlar sürpriz edə bilərlər. “Qəbələ” də həmişə güclü rəqib olub. Bütün bunlar göstərir ki, bizi çox çətin və rəqabətli mövsüm gözləyir. İlk hədəfimiz çempionata uğurlu başlamaqdır. Mövsüm ərzində qarşıya yeni məqsədlər qoyacağıq. Ancaq inanıram ki, komandamız həm yüksək yerlər uğrunda mübarizə aparmağa, həm də yenidən avrokuboklara vəsiqə qazanmağa, hətta mümkün olarsa, çempionluq uğrunda yarışmağa hazırdır.
ABBAS
