Macarıstanın “Kişvarda” klubuna keçən Azərbaycan yığmasının üzvü Anatoli Nuriyevin futbolinfo.az saytına müsahibəsi
– Macarıstanın “Kişvarda” klubuna keçidiniz necə baş tutdu? Başqa təklifləriniz var idi, yoxsa legioner kimi özünüzü sınamaq istəyirdiniz?
– Evə daha yaxın olmaq istəyirdim. Bu, ailəvi səbəblərlə bağlı idi. Mənə uyğun variant axtarırdım və “Kişvarda”dan təklif gəldi. Başqa təkliflər də var idi, amma onlar evdən daha uzaq ölkələrdən idi. Buna görə həmin variantları nəzərdən keçirmək istəmədim.
– Çempionatda artıq ilk turlar arxada qalıb. İlk təəssüratlarınız necədir və liqanın səviyyəsi barədə nə düşünürsünüz?
– Hələlik oyunları yalnız tribunadan izləmişəm. Buna görə liqanın səviyyəsini tam qiymətləndirə bilmirəm. Amma gördüyüm qədərilə komandalar nizam-intizamlı və yüksək tempdə futbol oynamağa çalışırlar. Burada infrastruktur da çox yüksək səviyyədədir.
– Ümumilikdə, komandanızın əsas məqsədləri nələrdir?
– Məqsədimiz hər oyunda qələbə qazanmağa çalışmaq və mövsümü ilk beşlikdə başa vurmaqdır.
– Macarıstanda Azərbaycan futbolu haqqında nəsə bilirlər?
– Əsasən “Qarabağ” klubunu tanıyırlar.
– Hesab edirsinizmi ki, burada özünüzü göstərə və gələcəkdə daha güclü kluba keçə bilərsiniz?
– Əlbəttə. Bunun üçün çox çalışmaq lazımdır. Ümid edirəm ki, hər şey yaxşı alınacaq.
– “Qarabağ” Konfrans Liqasının üçüncü təsnifat mərhələsində Kiyev “Dinamo”su ilə qarşılaşacaq. Sizcə, favorit hansı komandadır?
– Maraqlı oyun olacaq. Hazırda nə “Dinamo”, nə də “Qarabağ” ən yaxşı formasındadır. “Qarabağ”dan bir neçə futbolçu ayrılıb, komandaya çoxlu yeni oyunçu cəlb olunub. Buna görə də favoritin kim olduğunu demək çətindir.
– “Dinamo”nun güclü və zəif tərəfləri barədə məlumatınız varmı? Ümumiyyətlə, sizcə, onlar “Qarabağ”dan güclüdürlər?
– Xeyr, bu barədə xüsusi məlumatım yoxdur. Düşünürəm ki, ilk oyundan sonra hər iki komanda haqqında daha aydın fikir formalaşacaq.
FƏRİD
