Konqo Demokratik Respublikası millisinin sabiq yarımmüdafiəçisi Qael Kakuta futbolçuların psixoloji sağlamlığı ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.

“Çelsi”nin sabiq futbolçusu peşəkar futbolçuların böyük əksəriyyətinin əslində xoşbəxt olmadığını bildirib: “Futbolçuların 90 faizi, hətta deyərdim ki, 99,9 faizi xoşbəxt deyil. Onların üzərində çox ağır yük, çox böyük məsuliyyət var. Heç kimi onların əslində nə hiss etdiyi maraqlandırmır”.

Sabiq futbolçu hesab edir ki, daim nəticə vermək məcburiyyəti zamanla insanların səmimiyyətinə şübhə ilə yanaşmağa səbəb olur: “Sən elə bir dünyadasan ki, daim nəticə göstərməlisən. Amma bir müddətdən sonra yanında olan insanların kim olduğunu anlamırsan. Onların niyə səninlə olduqlarını bilmirsən. Münasibətlərinin həqiqi olub-olmadığına əmin olmursan”.

Kakuta qeyd edib ki, bu səbəbdən bir çox futbolçu əsl hisslərini gizlətməyə çalışır: “Futbolçuların böyük hissəsi maska taxır. Onlar evdə, ailədə və dostları ilə münasibətlərdə də maska ilə yaşayırlar. Əslində, özünü xoşbəxt kimi göstərə bilərsən, amma gecələr rahat yata bilirsənmi? Bəziləri dərman qəbul etməyə məcbur olur”.

Sonda isə sabiq yarımmüdafiəçi tənhalığın insanın özü ilə üz-üzə qalmasına səbəb olduğunu bildirib: “Çox insan tənhalıqdan qaçır. Çünki tənhalıqla üz-üzə qalmaq, əslində, özünlə üz-üzə qalmaq deməkdir”.

Qeyd edək ki, Qael Kakuta karyerası ərzində “Çelsi”, “Rayo Valyekano” və “Lans” klublarında çıxış edib.

Shares: