“Orhus” kimi top buraxmağı sevən komanda ilə oyunda minimal hesablı məğlubiyyət dünyanın sonu deyil. Bakıda Danimarka çempionunu məğlub etmək mümkün, hətta bəlkə də borcdur.
Təbii ki, rəqib sıradan komanda deyil. Çempionlar Liqasında pley-offa can atan, “Lex” kimi sayılan komandanı fantastik geridönüşlə yenən “Orhus” hörmətə layiqdir. “Sabah”ın bu turnirdə debütant olduğunu nəzərə alsaq, hətta məğlubiyyət də gözlənilməz olmaz. Lakin dünənki matç göstərdi ki, pley-offa yüksəlmək şansı yetərincə realdır.
“Sabah”ın ÇL-də 4 oyunluq qələbə, ümumiyyətlə isə uzunmüddətlik məğlubiyyəətsizlik seriyasının bitməsi ümidlərin sonu anlamına gəlmir. Rəqib hər iki qolu zərbə müəllifinin bacarığı, bir az da bəxti sayəsində bayram etdi. Təmsilçimiz faktiki rəqibə epizod vermədən uduzdu. Əvəzində tirdən, dirəkdən qayıdan zərbələr, boşa verilən epizodlar “Sabah”ın aktivinə yazıldı.
Masazır təmsilçisi ciddi oyun üstünlüyünə malik idi və cavab görüşü üçün ümid verdi. Daha yaxşısı lazım deyil, elə dünənki kimi oynamaqla Bakıda “Orhus”u dizə gətirmək olar. Rəqib aqressiv, dinamik, mübariz komandadır. Amma öndə pressinq etməklə, meydanın mərkəzində sıx və sürətli oynamaqla danimarkalıları sıradan çıxarmaq mümkündür. Yəqin ki, Valdas Dambrauskas cavab matçında futbolçulardan bunu ən yüksək səviyyədə reallaşdırmalarını istəyəcək.
2:1 hesabı rəqib üçün üstünlükdür, amma qorxulu deyil. Ev matçında “Sabah”ın hesabı açması ilə vəziyyət bərabərləşəcək, komandamız psixoloji üstünlük qazanacaq. Komanda dünən bu inamı verdi. Eyni oyun dəst-xəttinə sadiq qalmaqla cavab qarşılaşmasında pley-offa vəsiqəni təmin etməkə mümkündür.
“Sabah” öz işini görəcək, lakin daha böyük missiya azarkeşlərin üzərinə düşür. Danimarkada fanatlar “Orhus”un qələbəsində müstəsna rol oynadı. Eyni şeyi Masazırda təmin etmək şərtdir. Tribunaları doldurmaq, komandaya dəstək vermək, ümumi qələbədə pay sahibi olmaq lazımdır. “Sabah” oyunu ilə dəstəyi haqq etdiyini göstərdi. Vurulan təsəlli qolu, ondan sonra sərgilənən futbol azarkeşlərin tribunaları doldurması üçün yetərli olmalıdır.
CAVAD
