“Qarabağ” ötən mövsüm Çempionlar Liqasında çıxış etmiş güclü rəqibdir.
Futbolinfo.az xəbər verir ki, bunu “Dinamo”nun (Kiyev, Ukrayna) baş məşqçisi İqor Kostyuk UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri oyundan öncə baş tutan mətbuat konfransında deyib.
Mütəxəssis “Qarabağ”ın güclü rəqib olduğunu vurğulayıb və komandasının qarşılaşmaya ciddi hazırlaşdığını söyləyib:
“PAOK-la oyundan nəticə çıxarmalıyıq. Futbolda səhvlər qaçılmazdır. Əsas məsələ futbolçuların həmin səhvlərə necə reaksiya verməsi və onları aradan qaldırmasıdır. Komandamızın oyundan-oyuna inkişaf edəcəyinə inanıram. “Qarabağ” ötən mövsüm Çempionlar Liqasında çıxış etmiş güclü rəqibdir. Bununla yanaşı, biz də öz gücümüzə inanırıq, rəqibi təhlil etmişik və növbəti mərhələyə yüksəlmək üçün əlimizdən gələni edəcəyik”.
Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin “Dinamo” – “Qarabağ” matçı sabah, Bakı vaxtı ilə saat 21:00-da Polşadakı “Lublin Arena”da start götürəcək. Komandalar arasında cavab matçı isə avqustun 13-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
