FIFA prezidenti Canni İnfantinonun Avropa Superliqasının FİFA Superliqası adı altında yenidən brendləşdirilməsi ilə bağlı gizli danışıqlar apardığı üzə çıxıb.
“The Guardian”ın məlumatına görə, tərəflər hələ 2020-ci ilin oktyabrında ilkin razılaşma layihəsi hazırlayıblar. Layihəyə əsasən, turnirdə 15 daimi iştirakçı və mövcud yarışlardan vəsiqə qazanacaq beş klub mübarizə aparmalı, həmçinin eyni komandaların iştirakı ilə qadınlar arasında analoji yarış yaradılmalı idi.
Sənəddə FİFA-ya yarışın formatı, təqvimi, maliyyə bölgüsü və baş direktorun təyinatı ilə bağlı xüsusi səlahiyyətlər verilməsi nəzərdə tutulurdu. Bundan başqa, Superliqa ilə əlaqəli, hər il keçiriləcək genişləndirilmiş klublararası dünya çempionatının da yalnız pley-off formatında təşkil olunması planlaşdırılmışdı.
