Uruqvay Futbol Assosiasiyası Dieqo Forlanın ölkənin U-20 millisinin baş məşqçisi təyin olunduğunu, eyni zamanda Marselo Byelsanın varisi müəyyənləşənədək əsas yığmaya da müvəqqəti rəhbərlik edəcəyini rəsmən açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, assosiasiya bu təyinatı “Dieqo Forlan evə qayıtdı” sözləri ilə təqdim edib. Bu da o deməkdir ki, Forlan gələn il ölkəmizə səfər edə bilər.

47 yaşlı mütəxəssisin qarşısına qoyulan əsas vəzifə məhz komandaya 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 Dünya Çempionatına vəsiqə qazandırmaqdır. Uruqvay yığması gələn ilin yanvar-fevral aylarında keçiriləcək Cənubi Amerika çempionatında mübarizə aparacaq və həmin turnir mundiala seçmə xarakteri daşıyacaq.

Qeyd edək ki, məşqçilik karyerasında hələ böyük təcrübəyə malik olmayan Forlan 2020-ci ildə “Penyarol”u 11, 2021-ci ildə isə “Atenas de San Karlos”u 12 oyunda çalışdırıb. O, futbolçu karyerası ərzində Uruqvay millisində 112 oyunda 36 qol vurub, 3 dünya çempionatında iştirak edib.

Shares: