Məhkəmə-tibbi ekspertiza MBA-da çıxış edən “Memfis”in forvardı Brendon Klarkın heroin və kokainin təsiri nəticəsində öldüyünü təsdiqləyib.
Los-Anceles dairəsinin Məhkəmə-Tibbi Ekspertiza Departamenti 29 yaşlı basketbolçunun ölümünü təsadüfi narkotik dozasının həddindən artıq qəbulu nəticəsində baş verən bədbəxt hadisə kimi rəsmiləşdirib. Qurum ölümə səbəb olan digər “əhəmiyyətli amil” kimi isə “bir neçə reseptlə verilən dərmanın birgə təsirini” də göstərib. Söhbətin konkret hansı dərmanlardan getdiyi açıqlanmayıb.
Klark 2026-cı il mayın 11-də Los-Ancelesin San-Fernando-Velli bölgəsindəki evində huşsuz vəziyyətdə tapılıb. Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları yerli vaxtla saat 17:15-də basketbolçunun ölümünü təsdiqləyiblər. Klarkın tapıldığı yerdə narkotik maddələrin istifadəsinə dair izlər və bununla əlaqəli əşyalar aşkarlanıb.
Klark 2019-cu il MBA draftında ilk raundda seçilib. Ötən mövsüm forvard yalnız iki oyunda meydana çıxıb və mövsümün böyük hissəsini zədələr səbəbindən buraxıb.
Aprelin əvvəlində Klark sürət həddini aşdığına görə saxlanılıb. O, həmçinin narkotik maddələrin saxlanılması və daşınmasında şübhəli bilinib.
