FIA-nın bir yerlik avtomobillər üzrə direktoru Nikolas Tombazis Formula-1 bolidlərinin çəkisinin gələcəkdə daha da azaldılacağını bildirib.
Onun sözlərinə görə, hazırkı reqlament çərçivəsində avtomobillərin çəkisi 800 kiloqramdan 768 kiloqrama endirilib və pilotlar bu dəyişikliyi müsbət qiymətləndiriblər. Buna baxmayaraq, federasiya əldə olunan nəticəni son hədd hesab etmir. Tombazis gələcəkdə bolidlərin daha 80 kiloqram yüngülləşdirilməsini, həmçinin daha qısa və yığcam olmasını hədəflədiklərini söyləyib. O, hazırkı dəyişiklikləri yaxşı addım adlandırsa da, Formula-1 avtomobillərinin kütləsinin daha ciddi şəkildə azaldılması üçün işlərin davam etdiriləcəyini vurğulayıb.
