Ukrayna millisinin tarixində ilk qolun müəllifi olan İvan Qetsko UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq Kiyev “Dinamo”sunun şanslarını dəyərləndirib.

Futbolinfo.az xəbər verir ki, mütəxəssis kiyevlilərin Lublindəki ilk oyunda sərgilədiyi mübarizədən məmnunluq bildirib.

Lakin o, komandanın Bakıda işinin çətin olacağını da sözlərinə əlavə edib: “İqor Kostyukun yetirmələrinin nümayiş etdirdiyi xarakteri qeyd etmək lazımdır. Onlar bacardıqlarından da artığını etməyə çalışdılar. Təəssüf ki, komandanın oyunu ilə bağlı kifayət qədər sual var. “Qarabağ” daha maraqlı görünürdü. Kiyevlilərin isə həm topa nəzarətdə, həm də ötürmələrdə çatışmazlıqları hiss olunurdu. Belə oyunla Bakıda problemlərdən qaça biləcəklərinə şübhə edirəm. Yalnız mübariz və bəxtli oyun sayəsində ən yaxşı halda, heç-heçəni qoruyub saxlaya bilərlər. Çünki etiraf etmək lazımdır ki, “Dinamo”nun hər xəttində zəif nöqtələr var”.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Dinamo” oyunu saat 20:00-da başlayacaq. İlk matçda “Dinamo” 1:0 hesablı qələbə qazanıb.

Shares: