“Komandada çoxlu dəyişiklik oldu. Bu da təbii olaraq ilk vaxtlarda müəyyən çətinliklər yaradır. Amma düşünürəm ki, zaman keçdikcə hər şey daha yaxşı olacaq”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Qarabağ”ın hücumçusu Musa Qurbanlı deyib.
24 yaşlı futbolçu Kiyev “Dinamo”su üzərində 2:0 hesablı qələbəni də dəyərləndirib: “Qalib gəldiyimiz üçün sevinirik. Bu qələbəni çox istəyirdik. Son oyunlar bizim üçün bir qədər gərgin keçmişdi. Buna baxmayaraq, özümüzə inanırdıq. Belə çətin anlarda dəfələrlə xarakter nümayiş etdirmişik. Düşünürdük ki, bu gün də həmin xarakteri ortaya qoyaraq geridönüş edə biləcəyik”.
Qurbanlı pley-off mərhələsində qarşılaşacaqları “Tvente” ilə oyunlardan da danışıb: “Pley-offdakı rəqibimiz “Tvente”dir. Bu komandaya qarşı daha əvvəl iki dəfə oynamışıq. İnşallah, növbəti oyunlarda da qələbə qazanarıq. Hazırda əsas məqsədimiz minimum qrup mərhələsinə vəsiqə qazanmaqdır. Bunun üçün bütün gücümüzlə mübarizə aparacağıq”.
Hücumçu start heyətində yer almaq üçün çalışacağını bildirib: “Start heyətində olmaq üçün çox çalışacağam. Onsuz da hər gün öz üzərimdə işləyir və inkişaf etməyə çalışıram. Amma daha çoxunu etməliyəm. Baş məşqçi mənə şans verəcəyi təqdirdə, özümü doğrultmağa çalışacağam. Komandama fayda vermək üçün əlimdən gələni artıqlaması ilə etməyə hazıram. Düşünürəm ki, hər şey həm mənim, həm də komandam üçün yaxşı olacaq”.
GÜNAY SÜLEYMANOVA
