“Yeni mövsümə tam hazır vəziyyətdəyəm. Son yoxlama oyununda da meydanda oldum. Şans verildiyi təqdirdə, rəsmi matçlarda da meydana çıxmağa hazıram”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Kəpəz”in qapıçısı Rəşad Əzizli deyib.
Mövsümün sonuna qədər Gəncə təmsilçisi ilə müqavilə imzalayan qolkiper keçidinin necə baş tutmasından danışıb: “Kəpəz”dən təklif gəldi və düşündüm ki, tarixi bir klubda oynamaq mənim üçün də maraqlıdır. Başqa variantlar da var idi. Lakin real danışıqlar yalnız “Kəpəz”lə oldu və sonda bu klubu seçdim”.
Əzizli yeni mövsümdə komandanın qarşısına qoyduğu hədəflərdən də söz açıb: “Yaxşı və mehriban kollektivimiz var. Həm məşqçi heyəti, həm də futbolçular baxımından atmosfer yaxşıdır. Demək olar ki, yeni yığılmış komandayıq, heyətin təxminən 80 faizi yenidir. Yavaş-yavaş uğur qazanacağımıza inanıram. Çalışıb yaxşı nəticələr göstərmək, həm azarkeşləri sevindirmək, həm də klubu daha yüksək yerlərə qaldırmaq istəyirik”.
Qolkiper şəxsi hədəflərini də açıqlayıb: “Həmişə olduğu kimi, yaxşı performans göstərərək komandada “bir nömrə” olmaq və milliyə yenidən qayıtmaq istəyirəm. Hər bir halda, təcrübəmlə komandaya fayda verməyə hazıram və bunu edəcəyəm. İstər meydanda olum, istərsə də kənarda, hər zaman komandama dəstək olmağa çalışacağam”.
GÜNAY SÜLEYMANOVA
