Nüfuzlu Masters yarışlarından olan “Canadian Open” tennis turnirinə yekun vurulub. Monreal şəhərində keçirilən kişilərin finalında iki amerikalı tennisçi – Ben Şeltonla Brendon Nakaşima üz-üzə gəlib.

ATP reytinqində 10-cu pillədə qərarlaşan Ben siyahıda 31-ci yeri tutan həmyerlisi ilə oyunda o qədər də ciddi müqavimətlə üzləşməyib. Təxminən saatyarım davam edən qarşılaşmanın ilk setində Şelton 6:3 hesabı ilə qalib gəlib. Fasilədən sonra oyun tay-brekə qədər uzanıb. Bu dəfə də Ben səhvsiz oynayıb. Beləliklə, iki setdə Brendon Nakaşimadan üstün olan Ben Şelton Monrealda titiulunu qoruyub.

Bu, həmçinin onun karyerasında qazandığı 7-ci titul kimi tarixə düşüb. Yeri gəlmişkən, bu titulların 4-nü Şelton məhz bu il qazanıb. Amerikalı tennisçi cari mövsüm Dallas, Münhen və Ştutqartda da baş mükafatlara sahib çıxıb.

Torontoda keçirilən qadınların finalında isə polşalı İqa Şvönteklə Qazaxıstan təmsilçisi Yelena Rıbakina münasibətlərinə aydınlıq gətirib. 1 saat 16 dəqiqə davam edən görüşdə İqa heç bir çətinliklə üzləşməyib. Avropalı tennisçi ilk hissədə rəqibinə 2, fasilədən sonra isə 3 geym qazanmağa imkan verib. Görüş ərzində İqa 5 breyk imkanı qazanıb və bunların 4-dən yararlanıb.

Beləliklə, karyerasında 26-cı titulunu qazanan polşalı raketka ustası həmçinin 9-cu dəfə Masters yarışının qalibi olub. Bununla da Şvöntek bu göstəricidə WTA lideri Arina Sabalenkanı geridə qoyub. Bu, həm də İqanın cari mövsüm qazandığı ilk titul olub. Bununla yanaşı, 25 yaşlı tennisçi karyerasında ilk dəfə Kanadada keçirilən hər hansısa bir yarışda çempionluq sevinci yaşayıb.

Shares: