Son iki mövsümdə avrokubokların əsas mərhələsində Niderlandın “Ayaks” klubu ilə qarşılaşan “Qarabağ”ın bu ölkə komandaları ilə qarşılaşmaları ənənəvi seriyaya çevrilir. İki klub deyəndə ki, bir “Ayaks”dır, bir də “Tvente”…

Bəli, Ağdam klubu pley-off mərhələlərində də Ensxede təmsilçisi ilə də oynamağı sevir. 2009-cu ildə UEFA Avropa Liqasında ilişdiyimiz, 5 il sonra üstündən adladığımız rəqiblə 3-cü dəfə münasibətlərimizə aydınlıq gətirməliyik. Bu rəqibi tanıtmağa ehtiyac yoxdur. Amma istənilən halda, Niderland komandasının tarixini vərəqləmək pis olmazdı.

“Tvente” 1965-ci il iyulun 1-də “Sportclub Enschede” və “Enschedese Boys” klublarının birləşməsi nəticəsində yaradılıb. Klubun sələflərindən biri olan “Sportclub Enschede” 1926-cı ildə Niderland çempionluğunu qazanıb.

- Futbolinfo.az

Birləşmədən sonra “Tvente”nin ilk ciddi uğurları baş məşqçi Kees Riyversin rəhbərliyi altında qeydə alınıb. Komanda 1969-1973-cü illər arasında liqada üç dəfə üçüncü, bir dəfə dördüncü və bir dəfə beşinci pilləni tutaraq ölkə futbolunun aparıcı komandalarından birinə çevrilib. 1973/74 mövsümündə isə “Tvente” çempionluq uğrunda “Feyenoord”la mübarizə aparıb və mövsümü ikinci pillədə başa vurub.

Bu nəticə kluba Avropada özünü göstərmək imkanı verib və “Tvente” 1974/75 mövsümündə UEFA Kubokunda tarixinin ən parlaq yürüşlərindən birini gerçəkləşdirib. Niderland təmsilçisi turnirdə “Yuventus” kimi güclü rəqibi mübarizədən kənarlaşdıraraq finala qədər irəliləyib. Həlledici matçda Almaniyanın “Borussiya” (Mönhenqladbax) klubuna 1:5 hesabı ilə uduzan “Tvente”, buna baxmayaraq, Avropada ciddi nüfuz qazanıb.

1977-ci ildə isə klub ilk böyük titulunu əldə edib. Ensxedelilər Niderland Kubokunun finalında “Zvolle”dən 3:0 hesabı ilə üstün olub.

80-ci illərin əvvəllərində “Tvente” üçün vəziyyət dəyişib. Komanda 1983-cü ildə Niderlandın ikinci divizionuna düşüb, lakin cəmi bir il sonra yenidən elitaya qayıdıb. 1990-cı illərdə klub tədricən əvvəlki mövqelərini bərpa edib. 1997-ci ildə almaniyalı baş məşqçi Hans Meyerin rəhbərliyi ilə Erediviziyada üçüncü yeri tutan “Tvente” növbəti mövsüm UEFA Kubokunda da üçüncü mərhələyə qədər irəliləyib. 2001-ci ildə klub Niderland Kubokunu ikinci dəfə qazanıb. Finaldakı rəqib isə PSV olub.

8183 - Futbolinfo.az

2000-ci illərin sonu “Tvente” tarixinin ən mühüm dövrlərindən birinə çevrilib. 2008/09 mövsümündə komanda İngiltərə millisinin sabiq baş məşqçisi Stiv Maklarenin rəhbərliyi altında Erediviziyada ikinci yeri tutub. Növbəti mövsümdə isə klub tarixinin ən böyük uğuruna imza atıb – “Tvente” 2009/10 mövsümündə Erediviziyanın qalibi olaraq tarixində ilk dəfə Niderland çempionu olub. Yəqin ki, xatırlayırsınız, Vaqif Cavadov o vaxt meydanda görünməsə də, komanda ilə birgə bu xoşbəxtçiliyi yaşayıb.

Mövsüm ərzində cəmi iki  dəfə məğlub olan bu komanda son turda “Breda”nı 2:0 hesabı ilə məğlub edərək çempionluğu rəsmiləşdirib. Bununla da Maklaren Niderland klubunu ölkə çempionluğuna aparan ilk ingiltərəli baş məşqçi olub.

2010/11 mövsümündə “Tvente” daha bir titul qazanıb. Niderland Kubokunun finalında “Ayaks”ı əlavə vaxtda 3:2 hesabı ilə məğlub edən Ensxede klubu kuboku üçüncü dəfə başı üzərinə qaldırıb. Həmin mövsüm “Tvente” Çempionlar Liqasının qrup mərhələsində də ilk dəfə iştirak edib. Bir il sonra isə komanda “Ayaks”ı 2:1 hesabı ilə məğlub edərək ikinci dəfə Niderland Superkubokunu qazanıb.

Sonrakı illərdə klub ciddi maliyyə problemləri ilə üzləşib. 2014/15 mövsümündə maliyyə pozuntularına görə “Tvente”nin hesabından xallar silinib və klubda genişmiqyaslı ixtisarlar aparılıb. Bütün bu çətinliklərə baxmayaraq, komanda bir müddət yüksək liqada qalmağı bacarıb. Lakin 2017/18 mövsümündə Erediviziyanı sonuncu pillədə başa vuran “Tvente” 34 ildən sonra yenidən ikinci diviziona düşüb.

showpic el100 n - Futbolinfo.az

Klubun dönüşü isə uzun çəkməyib. 2018/19 mövsümündə “Tvente” Eerste Divizionun qalibi olub və bir il sonra yenidən Erediviziyaya qayıdıb. Ardınca komanda tədricən əvvəlki mövqelərini bərpa etməyə başlayıb. 2021/22 mövsümündə Erediviziyada dördüncü yeri tutan “Tvente” səkkiz illik fasilədən sonra yenidən avrokuboklara vəsiqə qazanıb. Bu, klubun yeni yüksəliş mərhələsinin başlanğıcı olub.

“Tvente” ev oyunlarını 1998-ci ildən Ensxededəki “De Qrolş Veste” stadionunda keçirir. Klubun adı Niderlandın Overeyssel əyalətinin şərqində yerləşən Tvente regionundan götürülüb. Azarkeşləri isə “Tukkers” adı ilə tanınır.

Tarixində həm zirvələri, həm də ağır maliyyə və idman böhranlarını geridə qoyan “Tvente” bu gün yenidən Niderland futbolunun iddialı komandalarından biri kimi çıxış edir. Ağdam təmsilçisi üçün “Tvente”ni keçmək Konfrans Liqasının əsas mərhələsinə gedən yolda son və ən vacib addımlardan biri olacaq. Doğrudur, hazırda “Qarabağ” yeni heyətə görə tam istədiyimiz oyunu göstərmir. Amma “Tvente”ni də dağın başına qaldırmayaq. Keçilməz rəqib deyillər. Niyə belə düşünürük? Oyun ərəfəsində heyətlərini və taktikalarını müzakirə edəndə nə demək istədiyimizi anladacağıq!

TAHİR MİRZƏ

Shares: