London polisi Premyer Liqadan paytaxtda keçirilən yüksək liqa oyunlarında real vaxt rejimində üz tanıma sisteminin sınaqdan keçirilməsi üçün 3,42 milyon funt-sterlinq maliyyə alıb. Bu vəsait Premyer Liqanın asayişin qorunması və texnologiyalara 10 milyon funt-sterlinqədək investisiya yatırmaq planının bir hissəsidir.

Polis daha əvvəl də futbol oyunlarında bu texnologiyadan istifadə edib. Sistem ilk dəfə 24 sentyabr 2023-cü ildə “Arsenal” – “Tottenhem” matçında olmaqla, ümumilikdə Premyer Liqanın altı oyununda tətbiq edilib.

Qarşıdakı mövsümdə hansı matçlarda üz tanıma sistemindən istifadə ediləcəyi hələ müəyyənləşdirilməyib. Texnologiya futbol oyunlarına girişi qadağan olunan şəxslərin, eləcə də qadın və qızlara qarşı zorakılıq və digər cinayətlərdən axtarışda olan insanların müəyyənləşdirilməsi üçün istifadə oluna bilər.

Sistemin tətbiqi konkret əməliyyat əsaslandırmasına və ən azı superintendant rütbəsində zabitin icazəsinə əsaslanmalıdır. Üz tanıma sisteminin əhatə dairəsinə daxil olan azarkeşlər kameraların qarşısındakı xəbərdarlıq lövhələri vasitəsilə məlumatlandırılacaqlar.

Shares: