Dünya Oxatma Federasiyası (World Archery) rusiyalı idmançılara tətbiq olunan məhdudiyyətləri aradan qaldırıb.
Təşkilatın İcraiyyə Komitəsi daha əvvəl qüvvədə olan bütün qadağaları ləğv edib. Bundan sonra rusiyalı oxatanlar və komandalar World Archery-nin himayəsi altında keçirilən beynəlxalq yarışlarda, o cümlədən Dünya Kuboku və dünya çempionatlarında Rusiya bayrağı və himni ilə iştirak edə biləcəklər.
Rusiyalılar 2022-ci ildə beynəlxalq yarışlardan kənarlaşdırılmışdı. Daha sonra onlara neytral statusda çıxış etməyə icazə verildi, lakin komanda yarışlarında iştirak etmək hüquqları yox idi. Rusiya bayrağının geri qaytarılması ilə bağlı qərar 2026-cı ilin iyulunda Rusiya Olimpiya Komitəsinin Beynəlxalq Olimpiya Komitəsində üzvlüyünün bərpasından sonra qəbul edilib. BOK bundan sonra beynəlxalq federasiyalara rusiyalı idmançılara tətbiq olunan məhdudiyyətləri aradan qaldırmağı tövsiyə edib.
Lakin Dünya Oxatma Federasiyasının qərarı qitəmiqyaslı yarışlara şamil edilmir.
