“Qarabağ”ın UEFA Konfrans Liqasındakı tanış rəqibi olan Niderlandın “Tvente” klubu son illərdə ölkə futbolunun iddialı komandalarından biri kimi formalaşıb. Enshedeni təmsil edən komanda həm yerli çempionatda, həm də avrokuboklarda rəqabətədavamlı heyət qurmağa çalışır. Və biz bu prosesi həmişə izləyirik.
“Tvente”nin hazırkı baş məşqçisi Con van den Bromdur. Niderlandlı mütəxəssisin klubla müqaviləsi 2027-ci ilin yayına qədər uzadılıb və rəhbərlik onun hücumameyilli, dominant futbol fəlsəfəsinə güvənir. Klubun açıqlamasında da van den Bromun topa sahib olaraq oyuna nəzarət etmək və təşəbbüsü öz əlində saxlamaq istəyən məşqçi olduğu xüsusi vurğulanıb.
Van den Bromun komandasında əsas baza düzülüşü 4-3-3 üzərində qurulur, lakin oyunun gedişindən asılı olaraq bu sxem 4-2-3-1 formasına da keçə bilir. “Tvente” topa sahib olduğu zaman müdafiə xəttinin önündəki yarımmüdafiəçilərdən biri geriyə çəkilərək hücumların qurulmasına kömək edir, cinah müdafiəçiləri isə irəli çıxaraq hücumun “diapazon”unu artırırlar. Məqsəd rəqibi öz cərimə meydançasına yaxınlaşdırmaq, cinahlarda üstünlük yaratmaq və mərkəzdə boşluqlar açmaqdır. Bu baxımdan komandanın ən vacib xüsusiyyətlərindən biri topa nəzarətdən çox, topa sahib olarkən rəqib müdafiəsini hərəkətə gətirmək cəhdidir. Van den Bromun yanaşmasında hücumçu xəttinin müxtəlif profilli futbolçulardan formalaşması da mühüm rol oynayır.
Heyətin ən böyük üstünlüklərindən biri təcrübə ilə gəncliyin bir arada olmasıdır. Qapıda almaniyalı Lars Unnerştall uzun illərdir Niderland futbolunda özünü təsdiqləmiş, fiziki göstəriciləri və hava toplarında inamlı oyunu ilə seçilən qapıçıdır. Onunla yanaşı, təcrübəli “Ayaks”la Bakıya gələn Remko Pasveerin olması da “Tvente”yə qapı xəttində seçim imkanlarını genişləndirir.
Müdafiədə Mees Hilqers, Robin Pröpper, Bart van Roy və Aske Adelqaard kimi futbolçular ön plana çıxır. Hilqers həm sürət, həm də topu müdafiədən çıxarma bacarığı baxımından əhəmiyyətlidir. Pröpper isə daha çox mövqe seçimi, liderlik və müdafiənin idarə olunması ilə seçilən futbolçudur.

Orta xətt “Tvente”nin ən maraqlı və balanslı mövqelərindən biridir. Ramiz Zerruki komandanın oyun quruculuğunda mühüm fiqurdur. Niderland – Əlcəzair futbol məktəbinin yetirməsi olan yarımmüdafiəçi topun dövriyyəsində, tempin müəyyənləşdirilməsində və müdafiədən hücuma keçiddə vacib rol oynayır. Matias Kyölo daha çox fiziki mübarizə və topun qazanılması ilə seçilir. Tomas van den Belt isə ikinci xəttdən hücuma qoşulmaq və cərimə meydançasına yaxınlaşmaq baxımından faydalıdır. Kristian Hlinsson və Yunes Taha kimi texnikalı futbolçular isə mərkəzdə yaradıcılıq imkanlarını artırırlar. Bu səbəbdən “Qarabağ” üçün orta sahədə Zerrukinin rahat oynamasına imkan verməmək xüsusi əhəmiyyət daşıyacaq. Zerukini bağladınsa, digərləri “boğulacaq”.
Hücum xəttində isə “Tvente”nin ən böyük silahlarından biri Vut Veqhorstdur. Bəli, “Mançester Yunayted” və “Beşiktaş”dan da yaxşı tanıdığımız təcrübəli forvard ardıcıl 3 il Bakıya gələcək. Son iki mövsümdə “Ayaks”la paytaxtımızın qonağı olan Niderland millisinin sabiq hücumçusu fiziki gücü, hava toplarında üstünlüyü və cərimə meydançasında mövqe seçimi ilə rəqib müdafiəçilər üçün ciddi təhlükə yaradır. O, klassik “qorxunc adam” funksiyasını yerinə yetirərək uzun ötürmələri qəbul edə, topu komanda yoldaşlarına endirə və cərimə meydançasında son zərbəni vura bilir. Sem Lammers isə Veqhorstdan fərqli hücumçu profilinə malikdir və daha çox geriyə çəkilərək oyunda iştirak edir. Daan Rots, Marko Pyaça, Sondre Eryaseter və Teylor But kimi futbolçular cinahlardan sürət və fərdi keyfiyyət gətirirlər. Xüsusilə Zaqreb “Dinamo”sunun heyətində “Qarabağ”a qol vuran xorvatiyalı futbolçu Marko Pyatsanın texnikası və birəbir mübarizələrdə üstünlük yaratmaq qabiliyyəti “Tvente”nin hücumlarını təhlükəli edir.
Komandanın digər diqqətçəkən cəhəti ehtiyat skamyasında da kifayət qədər seçim imkanlarının olmasıdır. Naci Ünüvar, Filip Torvaldsen, Stav Lemkin, Arno Ferşoyren, Dauda Veydmann və Giys Besselink kimi futbolçular oyunun gedişində tempin dəyişdirilməsi üçün istifadə oluna biləcək oyunçulardır. Bu isə “Tvente”nin yalnız start heyətindən asılı olmadığını göstərir. Xüsusilə gənc futbolçuların meydana daxil olması rəqib müdafiəsinin yorulduğu dəqiqələrdə komandanın sürətini artıra bilər.
Bununla belə, “Tvente”nin zəif tərəfləri də kifayət qədər aydın görünür. Komanda topa sahib olmağa və oyunu rəqib yarımmeydanında qurmağa çalışdığı üçün müdafiə ilə yarımmüdafiə arasında boşluqlar yarana bilər. Cinah müdafiəçilərinin irəli çıxması isə top itkisi zamanı arxada boş zonaların yaranması riskini artırır. “Qarabağ” xüsusilə sürətli keçidlər zamanı bu boşluqlardan istifadə edə bilər.

“Tvente”nin Avropa Liqasının ikinci təsnifat mərhələsində “Ferentsvaroş”a qarşı keçirdiyi oyunlar da bəzi problemləri üzə çıxardı. Ensxededə keçirilən ilk qarşılaşmada Niderland klubu 1:2 hesabı ilə uduzdu, Budapeştdəki cavab oyununda isə 2:2 hesablı heç-heçə etdi və iki oyunun nəticəsinə əsasən 3:4 hesabı ilə mübarizədən kənar qaldı. Hətta onu da qeyd edim ki, “Ferentsvaroş” azlıqda belə onlara qol vurdu. “Tvente” 54 dəqiqə azlıqda qalan rəqibinin müqavimətini qıra bilmədi.
Həmin dueldə “Tvente”nin əsas problemi yalnız nəticə deyildi. Komandanın müdafiə təşkilatlanmasında müəyyən çatışmazlıqların olduğu öz oyunçuları tərəfindən də etiraf edildi. Daan Rots “Ferentsvaroş”la cavab qarşılaşmasından əvvəl müdafiənin təşkilində problemlər yaşadıqlarını və topa sahib olarkən daha yaxşı görünsələr də, rəqib qapısı qarşısında kifayət qədər kəskin olmadıqlarını bildirmişdi. Van den Brom isə ilk oyundan sonra komandasının beynəlxalq futbolun tələb etdiyi yetkinliyi göstərməli olduğunu vurğulamışdı. Bu məqam “Qarabağ” üçün vacib siqnaldır: “Tvente”yə qarşı yalnız müdafiə olunmaq deyil, onun müdafiə keçidlərindəki boşluqları vaxtında cəzalandırmaq lazımdır.
Yeri gəlmişkən, klubun strukturunda bu yay daha bir mühüm dəyişiklik baş verib. “Ayaks” və “Mançester Yunayted”in sabiq baş məşqçisi Erik ten Haq 2026/27 mövsümündən etibarən “Tvente”də texniki direktor vəzifəsini icra edir. Ten Haqın müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub və o, futbolçu inkişafı, heyətin formalaşdırılması və klubun uzunmüddətli futbol strategiyasının qurulmasına cavabdeh olacaq. Maraqlıdır ki, Ten Haqın özü də futbolçu və məşqçi kimi “Tvente” ilə bağlı tarixə malikdir. Onun gəlişi klubun yalnız bugünkü nəticələrə deyil, daha uzunmüddətli və sistemli inkişaf modelinə keçmək istəyini göstərir.
Ümumilikdə, “Tvente” “Qarabağ” üçün kifayət qədər ciddi, lakin məğlubedilməz olmayan rəqibdir. Komandanın əsas üstünlükləri hücum xəttində fərdi keyfiyyət, Veqhorst kimi təcrübəli hücumçunun mövcudluğu, orta sahədə texniki imkanlar, yüksək tempdə oynamaq bacarığı və geniş heyət seçimidir. Zəif cəhətlər isə müdafiə keçidlərində boşluqlar, cinahlarda yaranan zonalar, bəzi epizodlarda müdafiə intizamının pozulması və beynəlxalq səviyyədə oyunların kritik anlarında soyuqqanlılığın çatışmamasıdır. “Qarabağ” topa nəzarəti rəqibə tam vermədən, xüsusilə keçidlərdə sürətli oynaya və “Tvente”nin müdafiə arxasına ötürmələrdən düzgün istifadə edə bilsə, bu rəqibə qarşı real üstünlük qazanmaq mümkündür. Əks halda, “Tvente”nin sürətli cinah hücumları, Veqhorstun hava toplarındakı üstünlüyü və orta sahədəki texniki futbolçuları “Qarabağ” üçün ciddi problemlər yarada bilər. Başqa sözlə, bu qarşılaşmada əsas mübarizə “Qarabağ”ın nizamlı müdafiəsi ilə “Tvente”nin hücumameyilli və dominant futbol fəlsəfəsi arasında gedəcək.
ABBAS