Dördqat “Böyük dəbilqə” çempionu, dünya reytinqinin lideri Arina Sabalenka ABŞ-nin Sinsinnati şəhərində keçirilən WTA-1000 turnirində növbəti qələbəsini qazanıb.

Belaruslu tennisçi 1/16 finalda dünya reytinqində 36-cı pillədə qərarlaşan çinli Van Sinyunu 6:1, 6:3 hesabı ilə məğlub edib. Sabalenka görüş ərzində rəqibinə ciddi müqavimət göstərmək imkanı verməyib və matçı cəmi 54 dəqiqəyə başa vurub. O, ikinci setdə də üstünlüyünü qoruyaraq ardıcıl hücumlarla Van Sinyunun servislərinə təzyiq göstərib.

Bu qələbə sayəsində Sabalenka “Masters” turnirlərində 45-ci dəfə 1/8 finala çıxıb. Bununla da belaruslu tennisçi hazırda peşəkar karyerasını davam etdirən oyunçular arasında bu göstəriciyə görə yeni rekord müəyyənləşdirib.

Sabalenka əvvəlki rekordun sahibi olan çexiyalı Karolina Plişkovanı geridə qoyub. Plışkova WTA-1000 yarışlarında 44 dəfə 1/8 final mərhələsinə yüksəlib. Üçüncü sırada isə 43 belə nəticə ilə ukraynalı Elina Svitolina qərarlaşıb.

Shares: