“Tvente”nin hücumçusu Sandre Öryaseter UEFA Konfrans Liqasının pley-off mərhələsinin “Qarabağ”a evdə uduzduqları ilk oyunundan (0:1) sonra fikirlərini bölüşüb.

Norveçli futbolçu klubun mətbuat xidmətinə müsahibəsində “Qarabağ”ı dəyərləndirib: “Həqiqətən yaxşı rəqib idi. Amma düşünürəm ki, sərfəli nəticə qazanmamağımızın səbəbi əsasən öz səhvlərimiz oldu. Şanslarımız var idi, təəssüf ki, istədiyimiz nəticəni əldə edə bilmədik. Asan oyun deyildi. Güclü rəqib idi, çox qaçmalı olduq. Mənim də iki qol fürsətim var idi, onları qola çevirə bilərdim. Buna görə də hazırda hisslərim yaxşı deyil. İndi sadəcə bərpa olub növbəti oyuna hazırlaşmalıyam”.

Sandre buraxdıqları qol barədə də danışıb: “Rəqib əks-hücumlarda çox təhlükəlidir. Belə qol buraxmaq istəmirdik. Amma məsələ təkcə bu deyil, biz özümüz də qol vurmalı idik. Artıq bunu dəyişmək mümkün deyil. Atmosfer möhtəşəm idi. Təəssüf ki, azarkeşləri yaxşı nəticə ilə sevindirə bilmədik”.

Öryaseter cavab oyununa ciddi hazırlaşacaqlarını deyib: “Əsas məsələ enerjimizi bərpa etmək və ruhdan düşməməkdir. Biz yaxşı komanda olduğumuzu bilirik. Yenə də qol imkanları yarada bilərik. Əgər cavab oyununda erkən qol vursaq, düşünürəm ki, növbəti mərhələyə yüksəlmək şansımız olacaq”.

Shares: