AFFA rəhbərliyinin mətbuatın tənqidinə reaksiya verməsi çox xoşdur. İndiki idarəçilər sələflərindən fərqli olaraq burnunun dikinə getmir. Ağıllı sözə, məsləhətə, irada biganə qalmır və ümumi işin xeyri üçün onu dəyərləndirirlər.
Dünən “Neftçi” ilə oyundan sonra mətbuat konfransında “Araz-Naxçıvan”ın baş məşqçisi Zaur İsmayılovu görmək xoş oldu. Futbolinfo.az ötən həftə “AFFA, qurtarın bu komediyanı” başlıqlı yazıda xoş görünməyən mənzərəni qabartmış, rəsmi baş məşqçinin kənarda qaldığını, əvəzində müvafiq kateqoriyası olmayan Cavid Hüseynovun konfranslara qatılmasını tənqid etmişdi. Reallıqda və kağız üzərində fərqli məşqçilərin önə çıxması xaotik vəziyyət yaratmışdı.
Görünür, AFFA-da bu məsələ müzakirə olunub, lisenziya tələblərindəki boşluğu aradan qaldırmaq lazım bilinib. Belə ki, komandanın hazırlığına cavdeh olan Hüseynov bu dəfə mətbuat önünə çıxmadı, naxçıvanlıların rəsmi baş məşqçisi İsmayılov suallara cavab verdi. Heç şübhə yoxdur ki, assosiasiyanın xəbərdarlığından sonra bu dəyişiklik reallaşıb.
AFFA öz tərəfindən boşluğu doldurdu, lakin klubun addımı yetərli deyil. Belə ki, komandaya cavabdeh şəxs kənarda qaldı, kağız üzərində baş məşqçi olan sual atəşinə tutuldu. İsmayılov faktiki olaraq, görmədiyi işin hesabatını verməli oldu. Hüseynovun düşüncələrini, taktiki addımlarının səbəbini bilmədik, eyni kresloda şərikli əyləşdiyi adam yalnız öz təəssüratlarını bölüşdü. Sabah elə bir məqam ola bilər ki, Zaur bəy həmin situasiyanı izah edə bilməz, çünki qərarı o yox, Cavid bəy verir.
Bu anormallığı da klub qaydasına salmalıdır. Komandanı oyunlara hazırlayan da, baş məşqçi kimi mətbuat önünə çıxası şəxs də eyni adam olmalıdır. Cavid Hüseynovun PRO kateqoriyası almaq bacarığı yoxdursa, “Araz-Naxçıvan”ın baş məşqçi postuna bütün meyarlara uyğun gələn biri əyləşməlidir.
