“Sabah” avrokuboklarda gözləniləndən də yüksək nəticə göstərir. İlk dəfə iştirak etdiyi UEFA Çempionlar Liqasında pley-off mərhələsinə qədər irəliləməsi böyük uğurdur. Əgər bu mərhələni də adlaya bilsə, artıq fantastik nəticədən söhbət gedəcək. Reallıq budur ki, heç kim “Sabah”ın turnirdə bu qədər irəliləyəcəyini düşünmürdü. Lakin hazırkı mərhələyə qədər gəlmək belə böyük nailiyyətdir. Bu münasibətlə təmsilçimizi təbrik etmək olar”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Şahin Diniyev deyib.
Təcrübəli mütəxəssis “Sabah”ın bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçirəcəyi cavab qarşılaşması barədə də fikirlərini bölüşüb: “Sabah” Çempionlar Liqasında keçirdiyi bütün oyunlarda təşəbbüsü əlində saxlayan tərəf olub. Təəssüf ki, son pley-off matçında bunu görə bilmədik. Qarşılaşma sona qədər “Hapoel”in (Beer-Şeva) üstünlüyü ilə keçdi. Rəqib “Sabah”ı yaxşı təhlil etmişdi. Sürətli əks-hücumların və ilk zonadakı pressinqin qarşısını almaq üçün əlverişli imkanlar yaratdı. Qollar buraxmasına baxmayaraq, matçın sonuna qədər öz oyun üslubundan imtina etmədi. Ümumilikdə, İsrail təmsilçisi çox güclü komanda təsiri bağışladı və demək olar ki, bütün komponentlərdə “Sabah”ı üstələdi. Futbolçuların bir qismi öz potensialından aşağı çıxış etdi. “Sabah”ın orta xəttə nəzarəti itirməsi də rəqibin işini asanlaşdırdı və “Hapoel” bundan kifayət qədər səmərəli yararlandı”.
Diniyev cavab görüşündə “Sabah”ın mərhələni keçmək üçün real şanslarının olduğunu da qeyd edib. O, komandanın orta xəttdə və müdafiədə daha intizamlı oynamasının vacibliyini diqqətə çatdırıb: “İlk oyundakı məğlubiyyətə baxmayaraq, hesab fərqi böyük deyil. Bu gün keçiriləcək qarşılaşmada mərhələni keçmək üçün kifayət qədər şans var. “Sabah”ın geridönüş etmək üçün imkanı qalır. Orta xəttdəki problemləri aradan qaldırıb, müdafiədə daha etibarlı çıxış etsələr, növbəti mərhələyə adlayan tərəf “bayquşlar” ola bilər”.
Mütəxəssis komandaların növbəti mərhələyə keçmə şanslarını da qiymətləndirib: “Şansları qiymətləndirsəm, hazırda 60 faiz “Hapoel”in üstün olduğunu düşünürəm. Lakin “Sabah” doğma meydanda oynayacaq. Azarkeş dəstəyi və məşqçinin edəcəyi düzgün dəyişikliklər komandanın uğur qazanmasına kömək edə bilər. Qarşıda olduqca çətin rəqib var. Buna görə də futbolçular meydanda maksimum güclərini ortaya qoymalıdırlar”.
GÜNAY SÜLEYMANOVA
