“Biz maliyyə baxımından bir çox köklü Avropa klubu ilə rəqabət apara bilməzdik. Buna görə də öz rəqabət üstünlüklərimizi tapmalı idik”. Futbolinfo.az xəbər verir ki, bunu “Sabah”ın prezidenti Maqsud Adıgözəlov “Euronews”a açıqlamasında deyib.

Klub prezidenti bildirib ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinə gedən yol böyük xərclər deyil, analitika üzərində qurulub: “Biz “Moneyball” fəlsəfəsindən (məhdud resursla daha ağıllı qərarlar verərək, bazarın gözdən qaçırdığı dəyəri tapmaq yanaşması – red.) ilham aldıq. Bu fəlsəfə göstərdi ki, məlumatlardan və futbolçu seçimindən ağıllı istifadə klubun maliyyə imkanlarının yol verdiyindən daha yüksək səviyyədə rəqabət aparmasına kömək edə bilər”.

Bununla belə, Adıgözəlov üçün insan amili hər şeydən öndə gəlir: “Futbolçular aktiv və ya statistik göstəricilərdən əvvəl insandırlar. Biz oyunçulara yüksək səviyyəli məşq və yaşayış şəraiti yaratmağa, onlara və ailələrinə hörmətlə yanaşmağa çalışırıq”.

“Sabah”ın bütün heyətinin ümumi bazar dəyəri təxminən 16,65 milyon avroya bərabərdir. Bu rəqəm “Barselona”nın 1,1 milyard avroluq və “Mançester Yunayted”in 900 milyon avroluq heyət dəyərindən olduqca uzaqdır. Liqa mərhələsindəki rəqib “Napoli”nin mərkəz müdafiəçisi Benua Badişilinin “Çelsi”dən transferi üçün ödədiyi məbləğ Azərbaycan çempionunun heyətinin dəyəri ilə eynidir. Bundan həvəsdən düşməyən Maqsud Adıgözəlov zəhmətə inandığını vurğulayıb: “Çempionlar Liqası bu gün hər kəsin görə bildiyi nəticədir. Bizi xüsusilə qürurlandıran isə insanların 9 il ərzində görmədiyi sistem, mədəniyyət və bu nəticənin arxasında dayanan işdir”.

“Sabah”ın prezidenti Çempionlar Liqasının əsas mərhələsindəki mübarizəyə də özünəməxsus şəkildə fikir bildirib. Onun sözlərinə görə, uzunmüddətli perspektivdə əsas təsir futbolda heç nəyin əlçatmaz olmadığını anlamaqdır: “Stadionda oturub “Barselona” və ya “Borussiya”nın “Sabah”a qarşı oynamasına baxan bir oğlan və ya qız futbol haqqında fərqli xəyallar qurmağa başlaya bilər. Əgər bu nailiyyət daha çox uşağın futbola gəlməsinə, daha çox ailənin stadionlara üz tutmasına və Azərbaycan futboluna inamın artmasına səbəb olarsa, onda onun təsiri “Sabah”ın özündən də böyük olacaq”.

Qeyd edək ki, “Sabah” Liqa mərhələsində “Barselona”, “Borussiya” (Dortmund), “Napoli” və “Slaviya” ilə evdə, “Arsenal”, “Mançester Yunayted”, “Vilyarreal” və “Vikinq”lə səfərdə qarşılaşacaq. Azərbaycan çempionu ilk oyununu sentyabrın 10-da səfərdə “Mançester Yunayted”ə qarşı keçirəcək.

Shares: