Azərbaycan və Litva milli komandaları arasında oyunun keçirilmə yerinin dəyişdirilməsinin səbəbi bəlli olub. Oktyabrın 4-də baş tutacaq UEFA Millətlər Liqası qarşılaşmasının Gəncədən Bakıya köçürülməsi rəqibin tələbi sayəsində reallaşıb.
AFFA rəhbərliyi beynəlxalq görüşlərin, xüsusilə də milli komandanın qarşılaşmalarının bölgələrdə təşkilinə üstünlük verir. İllərlə yalnız paytaxtda oynamış yığma komandanın ölkənin digər şəhərlərinə göndərilməsi assosiasiyanın yeni rəhbərliyinin qərarıdır. Litva ilə görüşün Gəncəyə təyin olunması da bununla bağlı idi.
Meydanı seçmək hüququ olan AFFA bununla bağlı UEFA-nı məlumatlandırmış, qitə futbol qurumu da təftiş apararaq razılıq vermişdi. Belə ki, Gəncə stadionunda matçın keçirilməsi üçün hər hansı əngəl yox idi, təmirdən yeni çıxan arena tələblərə tam uyğun sayılmışdı.
Vəziyyət litvalıların məskunlaşmaq üçün yer axtarışından sonra dəyişib. Rəqib komandanın nümayəndələri Gəncədə və ətraf şəhərlərdə tam rahat olacaqları otel tapmayıb. Belədə UEFA-ya şikayət edərək istəklərinə çatıblar. Qərar tərəflər arasında aparılan əlavə müzakirələr və qarşılaşmanın təşkili ilə bağlı texniki və logistika məsələlərinin qiymətləndirilməsindən sonra qəbul edilib.
