“Düzünü desəm, hazırda bir qədər futboldan uzaq qalmaq istəyirəm. Uzun illər bu işin içində olmuşam və son dönəmdə müəyyən mənada yorğunluq və inciklik də yaranıb. Ona görə də özümə bir az vaxt ayırmağı, başqa işlərlə məşğul olmağı üstün tuturam”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında ötən mövsüm “Karvan-Yevlax”ı çalışdırmış Azər Həşimov deyib.
Məşqçi futboldan tamamilə uzaqlaşmadığını və hazırda əsas diqqətini təsisçisi olduğu Mingəçevirin “İstedad” Futbol Klubuna yönəltdiyini bildirib: “Futboldan tamamilə aralandığımı deməyim düzgün olmaz. Hazırda Mingəçevirdə “İstedad” Futbol Klubunun təsisçisiyəm və əsas diqqətimi buradakı işlərə yönəltmişəm. Məqsədimiz gənc və istedadlı futbolçuları üzə çıxarmaq, onların düzgün istiqamətdə inkişafına şərait yaratmaq və gələcəkdə Azərbaycan futboluna peşəkar futbolçular qazandırmaqdır”.
Həşimov əlavə edib: “Klubumuzda C kateqoriyalı məşqçilərimiz Mübariz Abbasov və Zaur Məmmədov fəaliyyət göstərirlər. Hər iki mütəxəssis uzun illər futbolun içində olub və peşəkar futbol təcrübəsinə malikdir. Mübariz Abbasov vaxtilə “Qarabağ”da, eləcə də Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında futbolçu kimi çıxış edib. Zaur Məmmədov isə Bakı klublarında və Mingəçevir təmsilçisində peşəkar futbolçu kimi fəaliyyət göstərib. Bu gün onlar futbolçu kimi qazandıqları təcrübəni və məşqçi kimi əldə etdikləri bilikləri gənc nəslə ötürür, istedadlı uşaqların düzgün istiqamətdə inkişafına çalışırlar. Bizim əsas məqsədimiz də məhz bu təcrübədən istifadə etməklə Mingəçevirdə yeni istedadları üzə çıxarmaq, onları peşəkar səviyyəyə hazırlamaq və gələcəkdə Azərbaycan futboluna layiqli futbolçular qazandırmaqdır”.
Həşimov hazırda bəzi klublardan maraq və təkliflərin olduğunu da açıqlayıb: “Müəyyən klublardan maraq və danışıqlar olub. Hazırda konkret klub adı açıqlamaq istəmirəm. Mənim üçün əsas məsələ sadəcə təklif almaq deyil. Bundan sonra harada və hansı şərtlər daxilində işləyəcəyimə daha diqqətlə yanaşacağam. Vaxtilə bəzi məsələlərə fərqli baxmışam, indi isə təcrübə mənə daha seçici olmağı öyrədib”.
Onun sözlərinə görə, məşqçilik fəaliyyətinə qayıtmaq üçün konkret vaxt müəyyənləşdirməyib: “Məşqçi kimi yenidən işə başlamaq üçün özümə konkret vaxt qoymamışam. Hazırda tələsmirəm. Uyğun layihə, düzgün yanaşma və qarşılıqlı hörmət olan bir klub olarsa, əlbəttə, təklifi dəyərləndirərəm. Amma sırf işləmək xatirinə işə qayıtmaq fikrim yoxdur. Mənim üçün artıq klubun adı və vəzifədən daha çox oradakı şərait, məqsəd və mənə olan münasibət önəmlidir”.
Məşqçi xaricdə işləmək variantına da açıq olduğunu söyləyib. O, Türkiyədən aşağı yaş qrupları üzrə işləmək üçün müraciət aldığını, lakin həmin vaxt bunu istəmədiyini bildirib: “Həyatda hər şey ola bilər, ölkə xarici variantına da açığam. Hətta Türkiyədən aşağı yaş qrupları üzrə işləmək üçün mənə müraciət də olmuşdu. Amma həmin vaxt bunu istəmədiyim üçün həmin varianta ciddi yanaşmadım. Gəlin bir az da reallıqdan danışaq. Biz nə etmişik ki, bu gün oturub xaricdən böyük təkliflər gözləyək? Hansı böyük nəticələri, hansı böyük uğurları ortaya qoymuşuq ki, “xaricdən mütləq təklif alacağam” deyək? Mən belə düşünmürəm. Olmayan şeyi varmış kimi göstərmək, özünü reklam etmək mənim xarakterimə uyğun deyil. Sabah həqiqətən real və yaxşı bir təklif gəlsə, əlbəttə, dəyərləndirərəm. Amma bu gün olmayan bir şeyi varmış kimi göstərib özümü reklam etməyi düzgün hesab etmirəm. Mənim üçün reallıq nədirsə, onu demək daha doğrudur”.
Xatırladaq ki, Azər bəy “Karvan-Yevlax”ın baş məşqçi postundan ayrıldıqdan sonra uzun müddət təzminatla bağlı qalmaqal yaşamışdı.
GÜNAY SÜLEYMANOVA

