Ölkə futbolu

“Sabah”ın nəhəng rəqibi

media 123525738 123140222 - Futbolinfo.az
Səs süni intellektlə yaradılıb.

“Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki ilk rəqibi İngiltərənin ən köklü və titullu klublarından biri olan “Mançester Yunayted”dir. Yadınıza gəlirsə, “Qarabağ” da 2017/18 mövsümündə ÇL-in qrup mərhələsində debüt edərkən ilk oyununu Londonda “Çelsi”yə qarşı keçirmişdi.

Həmin oyunda qeydə alınan 0:6 hesabı hamımızı məyus etmişdi. Amma 9 il sonra debüt edəcək “Sabah”ın yenə də İngiltərədə bizi belə məyus edəcəyini gözləmirik.  Nəzərə alaq ki, Maykl Kerrikin komandası mövsümə elə də uğurlu başlamayıb. Amma bu haqda növbəti gün “cızma-qara edəcəyik”. İndiki məqamda ənənəmizə sadiq qalaraq rəqibin qısa tarixi ilə sizi tanış etmək istərdik.

Əslində, görünən Mançesterə bələdçi lazım deyil.  Amma yenə də keçmişə səyahət etmək pis olmazdı.

images 13 - Futbolinfo.az

İngiltərə Premyer Liqasında mübarizə aparan “Mançester Yunayted” dünyanın ən çox azarkeş kütləsinə malik futbol klublarından biri hesab olunur. Klub 1878-ci ildə “Nyuton Hit LYR” adı ilə təsis edilib, 1902-ci ildə isə “Mançester Yunayted” adını qəbul edib. Komanda 1910-cu ildən ev oyunlarını “Old Trafford” stadionunda keçirir.

“Mançester Yunayted” İngiltərə futbolunun ən uğurlu klublarından biridir. Komanda ölkə çempionatında 20, İngiltərə Kubokunda 13, Liqa Kubokunda 6 və İngiltərə Superkubokunda rekord sayda – 21 dəfə qalib olub. Beynəlxalq arenada isə “Qırmızı şeytanlar” üç dəfə Avropa Çempionlar Kubokunu və UEFA Çempionlar Liqasını, həmçinin bir dəfə UEFA Avropa Liqasını, UEFA Kuboklar Kubokunu, UEFA Superkubokunu, Qitələrarası Kuboku və FIFA Klublararası Dünya Kubokunu qazanıb.

109479249 e85d7ec5 3824 4b48 8f0b 4e2a4cae672a.jpg - Futbolinfo.az

Klubun tarixində Mett Basbinin rəhbərlik etdiyi dövr xüsusi yer tutur. 1945-ci ildə baş məşqçi təyin olunan Basbi gənc futbolçulardan ibarət komanda formalaşdıraraq onu “Basbinin uşaqları” adı ilə məşhurlaşdırdı və 1950-ci illərdə ardıcıl çempionluqlar qazandı. 1958-ci ildə Münhen hava qəzasında komandanın səkkiz futbolçusunun həlak olmasına baxmayaraq, Basbi “Mançester Yunayted”i yenidən qurdu və Corc Best, Denis Lou və Bobbi Çarltondan ibarət məşhur “Yunayted triosu” ilə 1968-ci ildə İngiltərə futbolu tarixində Avropa Çempionlar Kubokunu qazanan ilk klub oldu.

“Mançester Yunayted”in ən parlaq dövrü isə Aleks Ferqyusonun rəhbərliyi altında yaşanıb. 1986-2013-cü illərdə komandaya rəhbərlik edən şotlandiyalı mütəxəssis klubla 38 titul qazanıb, bunların arasında 13 İngiltərə çempionluğu, 5 İngiltərə Kuboku və 2 Çempionlar Liqası kuboku yer alıb. Xüsusilə 1998/99 mövsümü klub tarixinin ən yaddaqalan səhifələrindən biridir: “Mançester Yunayted” həmin mövsüm Premyer Liqa, İngiltərə Kuboku və Çempionlar Liqasını qazanaraq İngiltərə futbolunda tarixi “trebl”ə imza atan ilk komanda olub. 2016/17 mövsümündə Joze Mourinyonun rəhbərliyi altında UEFA Avropa Liqasını qazanan klub isə Çempionlar Liqası, Avropa Liqası və Kuboklar Kubokundan ibarət əsas UEFA klub turnirlərinin hər üçünü qazanan azsaylı komandalardan birinə çevrilib.

812A093E FD54 46D6 B344 76136D497075 - Futbolinfo.az

“Mançester Yunayted”in “Liverpul”, “Mançester Siti”, “Lids Yunayted” və “Arsenal”la rəqabəti İngiltərə futbolunun ən məşhur qarşıdurmaları sırasındadır. Klub həm idman uğurları, həm də kommersiya gücü baxımından dünyanın ən böyük futbol brendlərindən biri hesab olunur. “Sabah” üçün “Mançester Yunayted”lə qarşılaşma isə Azərbaycan futbolu adına xüsusi əhəmiyyət daşıyır. Belə oyunlardan zövq almaq lazımdır…

media 122076159 121690002 compressed - Futbolinfo.az

TAHİR MİRZƏ

Shares: