Müsahibə

Əsədov “Sabah”dan qol gözləyir

Əsədov
Səs süni intellektlə yaradılıb.

“Hansısa hesabı demək çətin olsa da, “Sabah”ın qol vuracağını düşünürəm. Çünki heyətdə olan futbolçular bu potensiala sahibdir. Təbii ki, “Mançester Yunayted” kimi rəqibə qarşı bunu etmək asan deyil. Amma “Sabah”ın hücum xəttində yüksək fərdi keyfiyyətləri olan futbolçular var və düşünürəm ki, onlardan düzgün istifadə olunarsa, qol epizodları yarana bilər”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Arif Əsədov deyib.

Təcrübəli mütəxəssisin fikrincə, “Sabah” üçün bu qarşılaşmada ən vacib məqamlardan biri komandaya olan inamı meydanda göstərə bilməkdir: “Sabah” üçün vacib olan odur ki, orada inamlı çıxış etsin. Nəticədən daha önəmli yaxşı oyun göstərməsidir. Belə oyunlarda komandanın özünəinamı çox önəmlidir. “Sabah”ın qalib gələcəyini və ya heç-heçə edəcəyini demək çox çətindir. Heç şübhəsiz, favorit “Mançester Yunayted”dir. Amma “Sabah” da meydana sadəcə rəqibi izləmək üçün çıxmamalıdır. Öz imkanlarını göstərməyə çalışmalıdır”.

Əsədov təmsilçimizin tam müdafiəyə çəkilməsinin düzgün yanaşma olmayacağını düşünür. Onun sözlərinə görə, “Sabah”ın heyətində əks-hücumlarda təhlükə yarada biləcək futbolçular var: “Məşqçilər korpusu rəqibi yaxşı şəkildə analiz edib. “Sabah”ın mütləq şəkildə oyunu diqtə edərək açıq futbola üstünlük verəcəyini gözləmək olmaz. Məncə, tam arxaya çəkilib müdafiə oynamayacaqlar. Çünki əlində elə futbolçu potensialı və oyun üslubu var ki, istər-istəməz komanda əks-hücumlar edəcək. Çox yaxşı əks-hücumda oynayacaq futbolçuları var. Bundan istifadə etməlidirlər. Rəqibin hücuma çoxsaylı futbolçularla qoşulduğu epizodlarda boşluqlar yarana bilər. “Sabah” da həmin imkanlardan yararlanmağa çalışmalıdır”.

Əsədov “Sabah”ın xal qazanmasının çətin olacağını desə də, komandanın buna cəhd etməli olduğunu vurğulayıb: “İstəyərik ki, “Sabah” xal qazansın. Lakin reallığı götürəndə bu çox çətindir. Rəqibin gücünü və evdə oynadığını nəzərə almaq lazımdır. Buna baxmayaraq, futbolda hər şey mümkündür. Ümid edək ki, bəxt təmsilçimizin tərəfində olar və ən azı 1 xal götürə bilsin”.

GÜNAY SÜLEYMANOVA

Shares: