Bu gün Premyer Liqanın 21-ci turu çərçivəsində "Simurq" Zaqatala Şəhər Stadionunda "İnter"i qəbul etdi. Futbolinfo.az xəbər verir ki, matç başlamamışdan öncə yerli azarkeşlər doğma komandalarının mütləq qələbə qazanacağını zənn edirdilər. 
 
Matçı səbrsizlklə gözləyən azarkeşlər oyunun başlama saatına qədər tribunalarda öz yerlərini almışdılar. Düzdü, bu matçda stadionun tribunalarının tam dolduğunu demək olmaz. Bu isə heç də əbəs yerə deyildi.  Belə ki, "Simurq" və "İnter" komandalarına ünvanlanan "böyük və kiçik qardaş" deyimindən narazı olan yerli azarkeşlər elə bu səbəbə görə də matça bir o qədər də maraq göstərməmişdi.
 
Oyun başlama fitindən ilk hissənin sonuna qədər sönük şəkildə keçdi. Komandaların ifasında elə də ciddi hücumların şahidi olmadıq. Hücumlar zamanı ya top qapıdan xeyli aralı keçir, ya da qeyri dəqiq ötürmələrdən sonra müdafiəçilər təhlükəni sovuşdururdular.
 
Gözlənilən o idi ki, qış fasiləsindən sonra mövsümün qalan hissəsinə uğursuz başlayan "Simurq" matçın qalan hissəsində hücumlarının kəsərini bir qədər də artırsın. Ancaq heç də hər şey gözlənilən kimi olmadı. Matçı 90 dəqiqə ərzində ayaq üstə izləyən "İnter"in baş məşqçisi Kaxaber Sxadadze 70-ci dəqiqədə Dieoqo Madriqalı oyuna daxil etdi. Komandanın yeni transferi cəmi 1 dəqiqə sonra gürcü mütəxəssisin etimadını doğruldaraq matçda vurulan yeganə qola imza atdı.
 
Matçı əyləşərək izləyən "Simurq"un baş məşqçisi Geroge Çxradze isə oyuna elə də ciddi müdaxilə edə bilmədi. Buraxılan qoldan sonra yerli azarkeşlər arasında bir sıra narazılıqlar da baş qaldırdı. Onlar doğma komandalarının məğlub olmalarını həzm edə bilməyərək,  "Bəsdirin, bezdik artıq", "uduzanda da oynayıb, məğlub olun", "Qurtarın bu komediyanı" deyərək etirzalarını bildirdilər. Matçın son dəqiqələrində də qol vurmaq üçün elə də ciddi səy göstərəməyən "Simurq"lu futbolçular ardıcıl olaraq 3-cü dəfə məğlubiyyətlə barışmalı oldular.
 
EMİN SƏFƏROV, ZAQATALA
Shares: