Topaz Premyer Liqasında 13-cü turun əsas oyunlarından olan “Neftçi” – “Bakı” matçı son oyun günündə baş tutacaq. Futbolinfo.az xəbər verir ki, turnir cədvəli baxımından qonşu pillərdə qərarlaşan hər iki komandaya bu oyunda xal qazanmaq vacibdi.
 
Saytımıza açıqlamasında “Bakı”nın yarımmüdafiəçisi Əfran İsmayılov derbi öncəsi fikirlərini bildirib: “Neftçi” ilə oyun çox ağır keçəcək. Çünki rəqib turnir cədvəlinin liderlərindəndi. Turnir cədvəlində mövqelərimiz baxımından qələbə hər iki komandaya vacibdi. Nəticə necə olacaq, deyə bilmərəm. Çünki proqnoz vermək çox çətindi. Baxmayaraq ki, ilk oyunda 3:0 hesabı ilə qələbə qazanmışdıq, arxayınlaşmaq olmaz. Rəqibin gücü və potensialı göz önündədi. Maraqlı mübarizə olacaq”.
 
İsmayılov komandasının son oyunlarda xal itirməsinə də şərh verib: “Düzdü, elə oyunlar olub ki, qalib gələ biləcəyimiz halda xal itimişik. Bu da ondan irəli gəlir ki, komanda hələ tam komplektləşməyib. Yeni baş məşqçinin gəlişindən sonra komanda yavaş-yavaş özünə gəlir. İnşallah yaxın zamanlarda komanda əvvəlki gücünə qayıdacaq”.
 
Baş məqşçi haqda da danışan Əfran Milinko Pantiçi yerə-görə sığdırmadı: “Pantiç yaxşı məşqçiliklə yanaşı, həm də çox yaxşı insandı. Onun gəlişindən sonra komandada yeni ab-hava yaranıb. Ümid edirəm ki, hər şey daha da yaxşı olacaq”.
Shares: