“Beşiktaş” rəhbərliyi Manuel Fernandeslə müqaviləni yeniləmək məsələsində razılığa gələ bilmir. Futbolinfo.az xəbər verir ki, müqavilə müddəti mövsüm sonunda başa çatacaq 27 yaşlı yarımmüdafiəçi ilə son olaraq klub prezidenti Fikrət Orman görüşüb.
Portuqaliya futbolçu Ormanın klubda qalıb-qalmayacağı ilə bağlı sualına belə cavab verib: “Türkiyədə ancaq “Beşiktaş”da çıxış edərəm. Mənim problemim maliyyə ilə bağlı deyil. Əgər pul hərisi olsaydım, “Fənərbaxça”da oynayardım. Mənə gələn təklifləri siz də daxil olmaqla, hamı bilir. Yenidən göz önündə olmaq istəyirəm. Ancaq iki ildi ki, avrokuboklarda çıxış edə bilmirik. Bu da mənə psixoloji cəhətdən mənfi təsir edir. Ölkəmə gedəndə dostum məndən hansı klubda çıxış etdiyimi soruşdu. Onun bu sualı məni çox məyus etdi”.
Qeyd edək ki, İstanbul təmsilçisi dekabra qədər Fernandeslə müqavilənin müddətini uzada bilməzsə, onu başqa kluba satacaq.





