"Qarabağ"ın yeni transfer etdiyi bosniyalı qapıçısı İbrahim Şehiç futbolinfo.az saytına qısa müsahibə verib. Həmin müsahibə ilə sizi tanış edirik.
 
– "Qarabağ"a transfer olmamışdan öncə Azərbaycan futbolu haqda nə bilirdiz?
– Ölkənizdə bu qədər peşəkar klubların olduğunu bilmirdim. Bəzi komandalar Türkiyə klubları ilə eyni peşəkar səviyyəyə malikdilər. Ümumiyyətlə, ölkənizlə bağlı xoş təəssüratlarım var.
 
– Türkiyədə oynamısız. "Qarabağ" Türkiyə çempionatında çıxış etsə, neçənci yerlər uğrunda mübarizə apara bilər?
– Bura gələndən sonra "Qarabağ"da güclü futbolçular olduğunu gördüm. Fikrimcə, bu oyunçuların hesabına Ağdam klubu Türkiyə çempionatında orta yerlər uğrunda rahat mübarizə aparar.
 
– Miro Varvodiçdən öncə serbiyalı qapıçı Boyan Pavloviç qapı uğrunda mübarizədə Fərhad Vəliyevə məğlub olaraq komandadan göndərildi. İndi də Mironun göndəriləcəyi ilə bağlı xəbərlər dolaşır. Qorxmursuz ki, siz də gələcəkdə Fərhad ilə rəqabətdə eyni aqibətlə üzləşərsiz?
– Mən heç nədən çəkinmirəm. Komandada rəqabət nə qədər güclü olsa, komanda üçün bir o qədər xeyirli olar. Mən də bu rəqabətdə bütün yaxşı keyfiyyətlərimi göstərmiş olaram. Heyətə düşmək üçün mübarizə aparacam.
 
EMİN SƏFƏROV
Shares: