"Rəvan"ın yarımmüdafiəçisi Rəşad Abdullayev Topaz Premyer Liqasının 13-cü turunda baş tutan “Sumqayıt”la oyundan (1:1) sonra Futbolinfo.az saytına müsahibə verib.
 
– Əvvəlcə oyun haqda fikirlərinizi bilmək istərdik…
– Oyun istədiyimiz kimi keçmədi. Bu gün zəif oynadıq. Digər oyunlarda bugünkündən yaxşı oynamışdıq. Güclü rəqiblərə qarşı yaxşı mübarizə aparıb, autsayderə qarşı zəif oynadıq. Bu oyunda qələbə qazanmaq istəyirdik. Həm də üstünlüyümüz vardı ki, doğma meydanda oynayırdıq.  Ancaq oyunumuz alınmadı.
 
– Səbəb nə idi? Güclü rəqiblərdən xal alan “Rəvan” niyə autsayderlə bacarmadı? Ümumiyyətlə, “Rəvan”da sabitliyin olmamasının səbəbi nədi?
– Deyərdim ki, bizdə irəlləyiş var. Sadəcə, sırf bu oyunda istədiyimiz kimi oynaya bilmədik. Nə hücumda, nə də müdafiədə. Heç qol vəziyyətləri də yarada bilmədik. Bundan öncəki oyunları daha yaxşı oynamışdıq. Sırf bu oyunda uğursuzluğun səbəbini heç özüm də bilmirəm.
 
– Komandada irəlləyiş olduğunu dediniz. Bu, Şahin Diniyevin sayəsindədi?
– Bəli. O, gəldikdən sonra çox şey dəyişib, çox şey edib. Təcrübəsindən faydalanırıq.  Ancaq bu oyuda günah bizdə idi.
 
– “Sumqayıt”ın itirəcəyi bir şey yoxdu. Bu komanda çempionluğa oynamır. Bəs “Rəvan”ın məqsədi nədi?
– Hər komandanın məqsədi yüksək yerlərə oynamaqdı. Amma "Rəvan"ın hədəfi orta pillələrdə qərarlaşmaqdı. Biz də bunun üçün əlimizdən gələni edirik.
 
– Daha çox iddialı komandalarda çempionluq üçün oynayan Rəşad Abdullayev üçün bu gün iddiasız klubda çıxış etmək çətin deyil ki?
– Çətindi. Mən vaxtilə hücumda oynamışam, qol vurmuşam. İndi isə daha çox müdafiədə oynayıram. Sırf bu baxımdan çətinlik çəkirəm. Futbolçu həyatı belədi. Bu gün burdasan, sabah başqa klubda.
 
– Komandadan gedəcəkmişsiz kimi danışdız…
– Xeyr, hələ ki elə planım yoxdu. Nə olacağını isə gələcək göstərəcək.
 
RÖYA KƏRİMLİ
Shares: