Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində “Bakı”nı qəbul edən “Neftçi” paytaxt derbisindən 2:1 hesablı qələbə ilə ayrıldı. Oyundan sonra “ağ-qaralar”ın yarımmüdafiəçisi Rəşad Sadiqov futbolinfo.az saytına oyun haqda fikirlərini açıqladı:
“Çox çətin və gərgin oyun oldu. Ümumiyyətlə “Bakı” ilə oyun həmişə ağır olur. Saşa Stamenkoviçin qırmızı vərəqə alması işləri daha da gərginləşdirdi. Azlıqda qaldıq deyə, yaxşı oynaya bilmədik. Ancaq müdafiədə diqqətli oynamağa çalışdıq. Əks-hücumlara bel bağladıq. Elə bu əks-hücumlardan birində də da qələbə qolunu vurduq”.
Kapitan qırmızı vərəqə qərarının doğru olduğunu düşünür: “Məncə, qırmızı vərəqə qərarı düzgün idi. Çünki həmin epizodda Stamenkoviç yubandı, Rauf Əliyev onu keçəndən sonra isə Saşa rəqibin ayağına vurdu. Həmin epizodda Mitreskidə də səhv var idi. Çünki Mitreski top ayağında ola-ola uzaqlaşdırmadı, Saşanı gözlədi. Bir az anlaşmazlıq oldu”.
Bundan başqa "Neftçi"nin kapitanı ötən turda "Xəzər Lənkəran"la qarşılaşmada Toşakla olan söz-söhbətə də aydnlıq gətirdi: "Açığını deyim, söyüş söyməmişdim, üstünə qışqırdım. Çünki bu bir deyil, iki deyil. Hər cərimə zərbəsi epizodunda meydançanın yarısına qədər gəlir, futbolçularımıza söyüş söyür. Bu, futbolçularımıza qarşı hörmətsizlikdi. Söyüş söyürsə, getsin, öz oyunçularını söysün. Onların futbolçularından da soruşdum. Onlar mənə dedi ki, məşqdə də söyüş söyür. Hər cərimə zərbəsinə söymək hörmətsizlikdi. Onların tərcüməçisi də oyun vaxtı söyüş söymüşdü. Onun da üstünə qışqırdım. Ona hirsləndim ki, sən kimsən ki, futbolçuları söyürsən. Hər ikisi ağını çıxardır".
Sonda isə Sadiqov çempionluq mübarizəsindən danışıb: "Onsuz da çempionluğa oynayan komandalar çox irəli gedə bilməyəcək. Çempionat elədi ki, hər bir komanda xal itirəcək. İstər “Rəvan”la, istərsə də “Sumqayıt”la olsun. Bu il çempionat çox gərgin olacaq".





