İnternet müasir insan həyatının ayrılmaz hissəsinə çevrilib. Futbolinfo.az xəbər verir ki, süsusilə də sosial şəbəkələr bu baxımdan öndədi.
 
Artıq “Facebook”, “Odnoklassnik” kimi sosial şəbəkələrdən istifadə etməyən demək olar ki, qalmayıb. Eləcə də bizim futbol ictimaiyyətinin nümayəndələri. Demək olar günün istənilən saatında istənilən futbolçu, hakim və s. futbol adamını “online” görmək olar.
 
Ancaq nəzərimizdən qaçmayan məqam da var. Belə ki, kiçik araşdırma apardıqdan sonra yalnız gənc nəslin bu baxımdan fəal olduğunu gördük. Nisbətən yaşlı futbol mütəxəssislərimizin adına isə sosial şəbəkələrdə rast gəlmək olmur. Görəsən, internet texnologiyalarının bu qədər inkişaf etdiyi bir zamanda onların kənarda qalmasının səbəbi nədi?
 
Şahin Diniyev, Yunis Hüseynov, Ağasəlim Mircavadov, Vaqif Sadıqov kimi Azərbaycanın tanınmış futbol mütəxəssislərinin bu məsələyə münasibətini öyrəndik. Ancaq onların cavabı eyni oldu. Yaşlı nəslin nümayəndələri internet aləminə elə də maraqlı deyilmiş. Onlar internetdən sadəcə, idman portallarında futbol xəbərlərini oxumaq və xaricdən bəzi məlumatları öyrənmək üçün istifadə edirlər.
 
İnternetin, sosial şəbəkələrin müsbət tərəfləri olduğu kimi, mənfi cəhətləri də var. Bunlardan biri də futbol azarkeşləri və ya digər şəxslərin tanınmış insanların – yəni, futbolçuların, məşqçilərin və s. adından saxta profillər yaratmasıdı. Belə problemlərlə futbolçularımızın rastlaşdığından xəbərdar idik. Ancaq bundan əziyyət çəkən tək futbolçular yox, məşqçilər də varmış. Xəbərdar olduq ki, belə saxta profillər Şahin Diniyev və Yunis Hüseynovun da adına yaradılıb. Düzdü, Diniyev bunu gülərək desə də, əslində bu, ciddi problemdi. Çünki bu yolla tanıyıb bilmədən kiminsə adından nəsə yazıb, həmin insanın nüfuzuna, şəxsi həyatına zərər vura biləcəklərini nəzərə almaq lazımdı.
 
RÖYA KƏRİMLİ
Shares: