"Qarabağ"ın "İmarət" fan-klubunun rəhbəri Xaləddin Bayramovun futbolinfo.az saytına müsahibəsi
– "İmarət" fan-klubu artıq 4 ildi fəaliyyət göstərir. 19 noyabrda 4 yaşımız tamam oldu. “İmarət” fan-klubu 2009-cu ildə bir sıra vətənpərvər gənclər tərəfindən yaradılıb. Məqsədimiz "Qarabağ" komandasına azarkeşlik etməklə yanaşı, həm də Qarabağ haqqında gənclərə vətənpərvərlik hisslərini aşılamaqdı. "İmarət"in bir profili var. Bu profildə Azərbaycan gənci necə olmalıdırsa, o da əks olunub.
– “İmarət”ə qədər “Qarabağ”ın başqa fan-klubu olub?
– Hər bir komandanın azarkeşi var. Hazırda "Qarabağ"ın ən yaradıcı, yüksək düşüncəyə sahib olan, aktiv azarkeşləri "İmarət" fan-klubunda cəmlənib.
– Hansı fan-klubları aktivlik baxımından özünüzə rəqib görürüsüz?
– Bu sualı digər fan klublara versəz, çox güman ki, rəqabət baxımından özlərini bizə rəqib biləcəklər (gülür).
– Onda belə çıxır ki, siz özünüzə rəqib tanımırsız?
– Bizim dostumuz daha çoxdu. “Ultraslan Azərbaycan”, “Caspian Ultras”, “SECTOR 11” fan-klubları ilə dostluq münasibətlərimiz var.
– Azərbaycan çempionatında “Qarabağ”a hansı komandanı əzəli rəqib görürsüz?
– Hazırda çempionat əvvəlki illərə nisbətən daha maraqlıdı. İndi az-çox rəqabət var. Autsayderlər sırasında gedən komandalar da çempionluğa oynayan komandalardan xal almağı bacarır. "Neftçi" komandası fikrimcə, bizə əzəli rəqibdi.
– Çempionatın ən iddialı klublarından olan “Qarabağ” 1993-cü ildən bəri çempion olmur…
– "Qarabağ" digər komandaların görmədiyi çətinlikləri görüb. Azərbaycanda heç bir klub müharibə şəraitində mübarizə aparmayıb. Çox sıxıntılı günlər keçirib. Artıq komandamız özünə gəlməyi bacardı. Son illərdə çempion olmamağımızın bir sıra səbələri var. Bunlarda biri də komandamıza qarşı olan hakim haqsızlığısdı ki, buna ötən mövsüm Anar Salmanovun sayəsində şahid olduq.
– Niyə bizdə futbolda sağlam rəqabətə imkan vermirlər?
– Biz hər zaman sağlam rəqabətin tərəfdarıyıq. Bəlkə də kimlərinsə burada maraqları var. Ancaq bu maraqlar azarkeşlərin sevimli komandaları üzərində qurulmamalıdı.
– Ölkə çempionatına bukmeker kontorunun sponsorluq etməsi səbəblərdən biri ola bilərmi?
– Xarici çempionatlarda bukmeker kontorları bir çox komandalara sponsorluq edir. Bizim çempionata “Topaz”ın sponsorluq etməsinin qəti şəkildə əlehinəyik. Necə ola bilər ki, çempionata “Topaz” sponsporluq etsin, həm də komandaların oyun əmsalarını öz bukmeker proqramında görsətsin. Bu addımı düzgün hesab etmirəm. Sağlam rəqabət aparılan yerdə mənfi təsir edən amillərdən yayınmaq daha məqsədəuyğundu.
– Heç çempionatı, hakimləri stadionda boykot etmisiz, ya belə fikriniz varmı?
– Hakimlər çox vaxt qərəzli mövqe nümayiş etdirirlər. Biz hər oyun zamanı belə qərəzli mövqelərə elə tribunadan cavab veririk. Çox güman ki, hakimlər bunu eşidirlər.
– Son illərdə azarkeşlər arasında iğtişaşlar çoxalıb. Fan-klub rəhbəri olaraq belə hallara münasibətiniz necədi?
– Az öncə də qeyd etdiyim kimi, biz hər zaman sağlam rəqabətin tərəfdarıyıq. Münaqişələrdən sonra bəzən azarkeşlər saxlanılır. İstənilən klubun azarkeşlərinin həbs olunmasına üzülürük. Sağlam rəqabət olan yerdə inkişaf daha tez nəzərə çarpır, nəinki neqativ hadisələr.
– Digər fan-klublardan fərqli hansı layihələriniz, planınız var?
– İlin sonuna az qaldığı üçün böyük auditoriya önündə yekun tədbirimizi keçirəcəyik. Həmin tədbirdə bir sıra yeniliklər olacaq. Bu, hələ ki, sirr qalsın.
– Sizcə, bu il “Qarabağ” çempionluğa nail ola biləcək?
– İnşallah, bu il çempion olacağıq. "Qarabağ" hazırda çox gözəl oyun nümayiş etdirir. Bu oyunumuzla sonda sevinən tərəf biz olacağıq.
RÖYA KƏRİMLİ





