Sabah “Bakı” Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində doğma meydanda “Xəzər Lənkəran”ı qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, "zolaqlılar"ın baş məşqçisi Milinko Pantiç klub saytına oyun haqda fikirlərini açıqlayıb:
 
“Xəzər Lənkəran” Premyer Liqadakı yerindən asılı olmayaraq çətin rəqibdi. Düzdü, hazırda çox da yaxşı mövqedə qərar tutmayıblar, amma görünən reallıq budu. İlk dövrə oyununda müəyyən səbəblərdən məğlub olduq. Sabah biz meydançanı yaxşı sulayacağıq ki, azarkeşlər sürətli futbol görə bilsin. Revanş almaq da öz yerində. Bəzilərindən fərqli olaraq, meydanı daş kimi sərt etmək istəmirik. Onlar idmana yardım etmirlər, oyunçularına yazıqları gəlmir. Bu üzdən belə addım atırlar. Çalışacağıq ki, futbola məxsus maraqlı tamaşa göstərək.
 
“Neftçi”yə məğlubiyyətdən sonra psixoloji hazırlıqda problem yoxdu. Biz nə Madrid “Real”ıyıq, nə də “Barselona”.
 
Gənc qapıçımız Elxan Əhmədov haqda mətbuatda səslənən tənqidi fikirlərə gəlincə, ikinci dövrənin sonuna kimi qapını o qoruyacaq. Nə etdiyimi bilirəm. Hesab edin ki, mən 500 ildi futboldayam. Belə olan halda nə dediyim dəqiq anlaşılar. Qapıya Elxanı yox, Edin Nuredinoskini qoysam, tənqidçilər məni qaldığım yerdən bayıra atarlar”.
Shares: