Bu gün Topaz Premyer Liqasının 14-cü turuna start veriləcək. Futbolinfo.az xəbər verir ki, turun ilk oyun günündə 3 qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşması Bakıda baş tutacaq. Paytaxtın eyni adlı komandası "Xəzər Lənkəran"ı qonaq edəcək. Sonuncu qələbəsini "Simurq" (3:2) üzərində qazanan "Bakı" 13-cü turda "Neftçi"yə (1:2) məğlub olmuşdu. Cari mövsümdə Milinko Pantiçin yetirmələri doğma meydanda pis nəticə qazanmayıb. Belə ki, komanda 6 ev oyunun yalnız birində məğlub olub ki, o da ilk turda keçirilən "Qəbələ" (1:2) ilə oyuna təsadüf edib. Bakı klubu bu oyundan 3 xalla ayrılarsa, ilk üçlüyə bir az da yaxınlaşmış olacaq. Lənkəran təmsilçisinin vəziyyəti "Bakı" ilə müqayisədə daha ağırdı. Con Toşakla uğur qazana bilməyən "ağ-qaşıllar" uğursuzluq zolağından çıxmaq üçün qələbəyə can atacaq. Hazırda 8-ci pillədə qərarlaşan Toşakın komandası 3 xal qazanacağı təqdirdə bir neçə pillə irəliləyə bilər. Cütlüyün Lənkəranda keçirilən ilk qarşılaşmasında ev sahibləri 2:1 hesabı ilə qələbə qazanmışdı.
Turun növbəti oyunu isə Qəbələdə keçiriləcək. "Qəbələ" doğma azarkeşlər önündə AZAL-ı qəbul edəcək. Çempionluğa iddialı "Qəbələ" hazırda liderlərdən geri qalsa da, qələbə komandanın ümidlərini bir az da artıra bilər. Yuri Syominin komandası qələbə qazanarsa, lider "Qarabağ" və "Neftçi"yə biraz da yaxınlaşacaq və 3-cü pillədəki mövqeyini möhkəmləndirəcək. AZAL-da isə problemlər bitmək bilmir. "Təyyarəçilər"in heyətində zədə və cəzalı problemi olduğundan komanda səfərdə tam gücü ilə oynaya bilməyəcək. Vaqif Sadıqovun yetirmələri hazırda 17 xalla 6-cı pillədə qərarlaşıb. Komandaların ilk oyununda AZAL doğma meydanda Qəbələ təmsilçisinə 1:2 hesabı ilə məğlub olub.
Günün son oyununu futbol azarkeşləri Sumqayıtda izləyəcək. "Sumqayıt" bu dəfə "Simurq"la münasibətlərinə aydınlıq gətirəcək. Mövsümün əvvəlində Avropaya iddialı olan Zaqatala təmsilçisinin iddiasından əsər-əlamət belə yoxdu. Georgi Çixradzenin başçılıq etdiyi komanda hazırda 15 xalla 7-ci pillədə dayanıb. Autsayder "Sumqayıt"da vəziyyət heç də ürəkaçan deyil. Belə ki, 13-cü turda "Rəvan" (1:1) səfərindən sonra komandanın maaşlarının kəsilməsinin oyuna necə təsir edəcəyi maraq doğurur. Lakin klub prezidentinin komandaya qələbəyə görə mükafat vəd etməsi vəziyyəti dəyişə bilər. Cütlüyün ilk qarşılaşmasında "Simurq" 3:1 hesablı qələbə qazanmışdı.
Topaz Premyer Liqası
14-cü tur
22 noyabr
14:00. Bakı – Xəzər Lənkəran
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Ramiz Məhərrəmov.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Əli Hüseynov.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
14:20. Qəbələ – AZAL
Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Fərid Məmmədov.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ömər Paşayev.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Qəbələ şəhər stadionu.
17:00. Sumqayıt – Simurq
Hakimlər: Vüsal Əliyev, Elşən Acalov, Munis Abdullayev, Tahir Əhmədov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Gülağa Cabarov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni örtüklü meydança.
Turun digər oyunları qarşıdakı günlərdə keçiriləcək.
| 1 | Qarabağ | 13 | 8 | 4 | 1 | 25 | 8 | +17 | 28 |
| 2 | Neftçi | 13 | 8 | 4 | 1 | 20 | 9 | +11 | 28 |
| 3 | Qəbələ | 13 | 7 | 2 | 4 | 20 | 13 | +7 | 23 |
| 4 | Bakı | 13 | 5 | 3 | 5 | 22 | 16 | +6 | 18 |
| 5 | İnter | 13 | 5 | 2 | 6 | 21 | 18 | +3 | 17 |
| 6 | AZAL | 13 | 4 | 5 | 4 | 12 | 16 | –4 | 17 |
| 7 | Simurq | 13 | 3 | 6 | 4 | 11 | 12 | –1 | 15 |
| 8 | XL | 13 | 3 | 5 | 5 | 10 | 17 | –7 | 14 |
| 9 | Rəvan | 13 | 1 | 5 | 7 | 8 | 25 | –17 | 8 |
| 10 | Sumqayıt | 13 | 1 | 4 | 8 | 6 | 21 | –15 | 7 |
Bombardirlər:
6 – Əfran İsmayılov (Bakı).
5 – Vaqif Cavadov (İnter), Mindauqas Kalonas (Bakı), Reynaldo (Qarabağ), Baçana Sxadadze (İnter), Bahodır Nasimov (Neftçi), Nikolas Gelaşvili (Qarabağ).
4 – Rauf Əliyev (Bakı), Junior Nildo (Xəzər Lənkəran), Daniel Subotiç (Qəbələ), Çumbinyo (Qarabağ), Leonardo da Silva (Qəbələ).





