"Bakı"nın baş məşqçisi Milinko Pantiç Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində qarşılaşdıqları "Xəzər Lənkəran"la oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, "zolaqlılar"ın serbiyalı çalışdırıcısı 3:0 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
 
"Komandamdan çox razıyam. Qələbəyə görə çox şadam. Güclü komandaya qarşı oynadıq. "Xəzər Lənkəran" səviyyəli legionerlərdən təşkil olunmuş komandadı. Amma göründüyü kimi, bu gün meydanda yalnız 1 komanda var idi ki, o da "Bakı" idi. "Xəzər Lənkəran" isə bu görüşdə güclü oyun sərgiləmədi. Futbolçularıma belə bir qələbə qazandıqları üçün, sərgilədikləri oyuna görə təşəkkürümü bildirirəm. Qələbə sayəsində xal ehtiyatımızı artırdıq. Bu gün 3 gənc futbolçuya oynamaq şansı verdim. Bu futbolçular ölkənin gələcəyidi. Vüqar Mustafayev debüt oyununda gözəl oynadı. Çox qol epizodumuz oldu, yararlana bilmədik, lakin ikinci hissədə üç qol vuraraq qələbə qazandıq. “Bakı” klubunda futbolçuların məvacıb almaması haqqında şaiyələr yalandı. Bizim çox yaxşı prezidentimiz var, hər ay əmək haqqımızı alırıq. Hər iki komandaya növbəti görüşlərində uğurlar arzulayıram".
Shares: