AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində qarşılaşdıqları "Qəbələ" ilə oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, "təyyarəçilər"in çalışdırıcısı 0:1 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
 
"Uşaqlara demişdim ki, bu qarşılaşmada oyunun taleyini liderlər həll edəcək. Elə mən dediyim kimi də oldu. Heyf ki, belə bir liderlərdən biri "Qəbələ"yə qələbə qazandıran qola imza atdı. Bizim lider oyunçularımız isə öz üstünlüklərini göstərə bilmədilər. Buna baxmayaraq, bizim komanda oyunumuz var. Əsas olan da odu ki, AZAL-da komanda ruhu mövcuddu. O olan yerdə mütləq nəticə də olacaq. Komandamın məğlub olmasına baxmayaraq, uşaqların oyunundan razı qaldım. Heyf ki, 9 oyundu qələbə qazana bilmirik. Çempionatda zəif komanda yoxdu. Buraxılan qolda müdafiənin səhvi var idi. Rəqib futbolçuya rahat zərbə vurmasına imkan verdilər. Səfər oyunlarında qol imkanlarından istifadə etmək lazımdı. Zədəli futbolçuların yoxluğu bizə problem yaratdı. Ancaq əldə olan futbolçularla optimal heyət qurub belə bir oyun nümayiş etdirmək bizim heç bir rəqibdən çəkinməməyimizə işarədi.
 
Yuri Syomin heyəti açıqlayanda bildim ki bizə qarşı hüçum taktikasıyla oynayacaqlar. Biz də buna hazırlaşmışdıq. Hücumları dəf edib, əks-hüçuma çıxmağı planlaşdırmışdıq. Əgər Cavid Tağıyev 1-ci dəqiqədə təkbətək mübarizəni qol çevirsəydi, tamamilə fərqli oyunun şahidi olacaqdız.
 
Növbəti tur "Xəzər Lənkəran"la oyun var. Təəssüf ki, bu gün daha bir oyunçumuzu itirdik. Viktor İqbekoyi 4-cü sarı vərəqəsini aldığı üçün cəzalı duruma düşdü. Elə bir epizodda futbolçuya sarı vərəqə verməyin nə dərəcədə düzgün olduğunu bilmirəm. Hər oyunda tamamilə yaxşı hesablanan sarı vərəqələr verilirsə, bu, çox böyük sual doğurur".
Shares: