Futbol üzrə Türkiyə yığmasının sabiq məşqçisi Oğuz Çətin Bakıya gəlib. Futbolinfo.az xəbər verir ki, türkiyəli mütəxəssis bu gün keçirilmiş Topaz Premyer Liqasının 14-cü turunun “Bakı” – “Xəzər Lənkəran” qarşılaşmasını canlı izləyib.
Futbolçu kimi “Fənərbaxça” və Türkiyə yığmasındakı çıxışları ilə tanınan Çətin 13 illik məşqçilik təcrübəsinə malikdi. Vaxtilə "Fənərbaxça"nı da çalışdıran mütəxəssis Bakıya “Xəzər Lənkəran”ın dəvəti ilə gəlib.
Cənubluların 0:3 hesabı ilə uduzduğu qarşılaşmanı izləyən mütəxəssisin gəlişinin dəqiq səbəbi hələlik bəlli deyil. Amma əldə etdiyimiz məlumata görə, "ağ-yaşıllar" hazırda onu komandanın sükanı arxasına gətirmək üçün danışıqlar aparırlar. Halı pisləşdiyi üçün mətbuat konfransına qatılmadığı bəhanə edilən Con Toşakın da məhz bu səbəbdən jurnalistlərlə görüşdən qaçdığı istisna olunmur.
Qeyd edək ki, 2006-11-ci illərdə yığmada köməkçi məşqçi olan Çətin 3 il əvvəl qısa müddətə baş məşqçi əvəzi də olub. Çalışdırıcının son iş yeri isə ötən mövsüm çalışdırdığı aşağı dəstə təmsilçisi “Boluspor” olub.





