"Xəzər Lənkəran" azarkeşləri artıq komandanın uğursuz çıxışına səbr nümayiş etdirə bilmir. Futbolinfo.az Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində bu gün keçirilmiş "Bakı" ilə səfər qarşılaşmasında (0:3) klub rəhbərliyinin, baş məşqçi Con Toşakın istefaya səslənməsi barədə xəbər vermişdi.
 
Hətta cənublu fanatlar qarşılaşmadan sonra "Bakı"nın təlim-məşq bazasının ərazisindən çıxmaq istəyən komandaya etiraz əlaməti olaraq yola uzanaraq etiraz aksiyası da keçirmişdi. Baxmayaraq ki, onların bu hərəkəti klubun təhlükəsizlik xidmətinin əməkdaşlarının bir neçə fanatı döyməsi ilə nəticələnmişdi.
 
Əldə etdiyimiz məlumata görə, cənubluların "Xəzər Lənkəran"a qarşı bu etirazı hətta komanda üzvlərinin məskunlaşdığı "Modern" otelinin qarşısında da davam edib. Onlar həm klub rəhbərliyini, həm Toşakı istefaya səsləyiblər, həm də futbolçuları sərt tənqid ediblər. Lakin dərhal hadisə yerinə gələn polislər həmin azarkeşlərin aksiyasının qarşısını alıblar. Aksiyada iştirak edən fanatların polis bölməsinə aparıldığı bildirilir.
Shares: