Bu gün baş tutan futbol üzrə Azərbaycan 1-ci Divizionunun 11-ci turunun "Qaradağ Lökbatan" – "Neftçala" matçından sonra qalmaqal yaşanıb. Futbolinfo.az xəbər verir ki, buna baş hakim Orxan Məmmədovun idarəçiliyi səbəb olub.
Belə ki, ilk yarıda hesabı açan, lakin sonda 1:1 hesablı heç-heçə ilə kifayətlənməli olan "Neftçala" rəhbərliyi hakimlərin idarəçiliyindən narazı qalıb. Onlar bunu qarşılaşmadan sonra Məmmədova sərt şəkildə bildiriblər. Neftçala klubunun prezidenti Famil Səfiyev baş hakimi ağır söyüşlərlə təhqir etməyi də unutmayıb. Digər klub rəsmiləri də sərt etirazlarını bildirincə, hakimlər paltardəyişmə otağına vaxtında yollana bilməyiblər. Hətta qonaq komandanın nümayəndələrindən biri Orxan Məmmədova fiziki güc tətbiq etməyə də cəhd göstərib. Lakin təhlükəsizlik xidmətinin əməkdaşları və polislər onu hadisə yerindən uzaqlaşdıra və hakimlərin paltardəyişmə otağına yollanmasına nail ola biliblər.





