"Xəzər Lənkəran"ın yeni baş məşqçisi Mustafa Dənizlinin bu gün Lənkərana gəldiyini xəbər vermişdik. Futbolinfo.az xəbər verir ki, türkiyəli mütəxəssis səfər çərçivəsində klubun stadionu və bazası ilə tanış olub.
Dənizli klub rəhbərliyi, eləcə də prezident Mais Mənsimovla görüşüb, müxtəlif məsələləri müzakirə edib. Hələlik, rəsmi müqavilə imzalanmadığı üçün onun komanda üzvləri ilə görüş baş tutmayıb.
Bir neçə saatlıq müzakirələrdən və tanışlıqdan sonra Dənizli İstanbula qayıdıb. Lənkərana birbaşa "Palmali" Şirkətlər qrupunun prezidenti, "Xəzər Lənkəran"ın fəxri prezidenti Mübariz Mənsimovun şəxsi təyyarəsi ilə gələn Dənizli təxminən bir saat öncə elə onunla da geri dönüb.
Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlunun saytımıza verdiyi məlumata görə, türkiyəli mütəxəssis Lənkərandan xoş təsuratlarla ayrılıb. Dənizli yaxın 5 gün ərzində yenidən Lənkərana qayıdacaq. Mustafa Dənizli ilə müqavilə imzalanacağı təqdirdə onun köməkçilərindən biri Oğuz Çətin olacaq. Hansı ki, "Xəzər Lənkəran"ın "Bakı" ilə görüşünü məhz bu mütəxəssis izləmişdi və "ağ-yaşıllar"ın yeni baş məşqçisi olması gözlənilirdi. Digər köməkçilərin kim olacağını isə, müqavilə imzalandıqdan sonra baş məşqçi özü müəyyənləşdirəcək.





