Topaz Premyer Liqasının son turunun qalmaqalla yadda qalan "İnter" – "Neftçi" qarşılaşması ətrafında söz-söhbət hələ də səngimək bilmir. Futbolinfo.az xəbər verir ki, hər şey ikincilərin məğlubiyyəti həzm edə bilməməsindən sonra başladı.
"Neftçi" belə qalmaqallar salmaqda təcrübəli bir klubdu. Amma rəqib komandanın prezidentinə əl qaldırmaq… Meydanda gücünü göstərə bilməyən, futbol oynamaqdan başqa hər işlə məşğul olan, gücünü Nikolovu arxadan vurmaqla göstərənə nə ad vermək olar?
Paltardəyişmə otağına yollanan zaman davanın qızışdığını görən "Neftçi"nin mətbuat xidmətinin rəhbəri PFL mühavizəçilərinə "jurnalistləri içəri buraxmayın" deməklə bir növ, məsələni ört-basdır etmək istəyib. Lakin artıq həmin dava ilə bağlı yeni faktlar da əldə edə bilmişik. Belə ki, dava zamanı "ağ-qaralar"ın müdafiəçisi Denis Silva meydan sahiblərinin üzvü Derlis Meza Kolini yaxşıca yumruqlayıb. Elə bu davada ən ciddi xəsarət alanın da Meza Koli olduğu bildirilir.
Hadisə baş verən gündən "İnter"in prezidenti Georgi Nikolovla əlaqə saxlamağa çalışsaq da, klub prezidenti zənglərimizə cavab vermirdi. Əvəzində Nikolov bu gün redaksiyamızın nömrəsinə mesaj göndərdi. Həmin mesajı olduğu kimi təqdim edirik:
"İnter" – "Neftçi" matçından sonra baş verənlər mənim üçün bitib. Bu haqda danışmaq belə istəmirəm".
İndi bizə yalnız İntizam Komitəsinin qərarını gözləmək qalır.
KƏMALƏ İSMAYILOVA





