Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində "Qarabağ"ın "Rəvan"la qolsuz heç-heçəyə razılaşması "İmarət" fan-klubunun üzvləri, eləcə də digər ağdamlı azarkeşlər tərəfindən sərt qarşılanmışdı. Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məsələ ilə bağlı futbolinfo.az saytına açıqlama verib. 
 
"Bütün komandalar meydana qələbə qazanmaq üçün çıxır. Ancaq heç kim fikirləşmir ki, "Qarabağ" meydana qələbə üçün çıxırsa, "Rəvan" da məğlub olmamaq üçün çıxır. "Rəvan" alt pillələrdən çıxmağa çalışır və bu üzdən 1 xal üçün oynayırdı. Bunu da bacardı. Hətta, mətbuat konfransında qonaqların baş məşqçisi Şahin Diniyev vurğuladı ki, "Rəvan"  istədiyi 1 xalı qazandı. Əgər "Rəvan"ın qapıçısı əla reaksiya nümayiş etdirib, qapısını toxunulmaz saxlayırsa, bunu komandanın həvəssiz oynaması ilə əlaqələndirmək düzgün deyil. "Rəvan"ın haqqını vermək lazımdı. Yaxşı müdafiə olundular. Özləri də qeyd etdilər ki, bəxtimiz gətirdi. Son 2 turda xal itirməyimiz qol epizodlarından istifadə edə bilməməyimizdən irəli gəlir. Bunu silsilə uğursuzluq adlandırmaq olmaz".
 
Klub rəsmisi "Neftçi" ilə "Qarabağ"ın oyunlarının eyni gündə keçirilməsi ilə bağlı azarkeşlərin tələbinə də münasibət bildirib: "Neftçi" ilə "Qarabağ"ın oyunlarının eyni gündə keçirilməsi bizdən asılı olan məsələ deyil. Bunu PFL müəyyənləşdirir. Düşünmürəm ki, "Neftçi"nin bizdən bir gün qabaq oynaması bizim "Rəvan"la 0:0 oynamağımıza səbəb oldu. Biz "Neftçi"dən bir gün tez, yaxud gec oynasaq da, meydana qələbə qazanmaq üçün çıxırıq. Biz futbolu idman mübarizəsi kimi dəyərləndiririk. Qara qüvvələrin olub-olmamasından asılı olmayaraq biz öz işimizi görürük".
 
"Çempionatda hər tur 5 oyun baş tutur. Yəqin  PFL də oyunları fərqli günlərə salır ki, oyunlara maraq  daha çox olsun. Bilirsiz ki, "Qarabağ" heç vaxt hakimlikdən şikayət etməyib. Haqlı və ya haqsız, heç vaxt hakim məsələsini qabartmamışıq. Hazırda turnir cədvəlində  liderik. Bu gün bizi daha çox liderliyimizi qorumaq maraqlandırır. Meydandan kənarda olan söhbətlərə baş qoşmaq istəmirik. Son turda qələbə qazanmasaq da, hər halda "Neftçi"nin xal itirməsindən istifadə etdik. Əgər "Neftçi"dən 1 xal irəlidəyiksə, bu, istənilən halda uğur deməkdi. Baxmayaraq ki, 3 xal irəlidə olsaydıq daha yaxşı olardı".
 
EMİN SƏFƏROV
Shares: