“Kəpəz”in Bakıda fəaliyyət göstərən “Xəmsə” fan-klubunun rəhbəri Adil Məmmədov polisə çağırılıb. Futbolinfo.az xəbər verir ki, bu barədə azarkeşlərin dayısı fanklubun facebook səhifəsində status paylaşıb.
Məmmədov “Allah razı olsun! Sayənizdə Gəncə Şəhər Baş Polis idarəsinin müavini ilə də tanış oldum. İndi doğma şəhərimzdə sərbəst gəzə bilərəm” yazıb.
Adını çəkmək istəməyən fan-klub üzvlərindən birinin bildirdiyinə görə, Adil bəyin polisə dəvət olunması sırf başçılıq etdiyi azarkeş birliyinin fəaliyyəti ilə bağlı olub. Məmmədova son vaxtlar fan-kluba daxil olan azarkeşlərin “Kəpəz”in “ev” oyunları zamanı Gəncə şəhər stadionunda özlərini yaxşı aparmadıqları və ixtişaş yaratdıqları deyilib. Adil dayıya bu üzdən xəbərdarlıq edən hüquq-mühafizə orqanının əməkdaşları yenidən xoşagəlməz olayların baş verəcəyi təqdirdə, onun da buna görə məsuliyyət daşıyacağını bildiriblər.
Sonda Məmmədovdan futbolçular və hakimlərin ünvanına ağır söyüşlərin işlədilməməsi, onların daş-qalaq olunmaması və istefa şüarının səslənilməməsi istənilib.





