İtaliya Milli Olimpiya Komitəsinin prezidenti Covanni Malaqo Azərbaycanın gənclər və idman naziri Azad Rəhimova təklif ünvanlayıb. Futbolinfo.az xəbər verir ki, Rəhimova “Roma” və “Latsio”ya investisiya yatırımı təklif edilib.
 
Bu barədə Malaqo "La Gazzetta Dello Sport"a açıqlamasında bildirib:
 
“Mən cənab Rəhimova iki paytaxt klubuna investisiya yatırımı etməyi təklif etdim. 2015-ci ildə Avropa oyunları Azərbaycanda keçiriləcək. “Roma” və “Latsio” yaxşı reklam düşərgəsi ola bilər”.
 
Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova da "İnterfaks"a açıqlamasında bu xəbəri təsdiqləyib.
 
Sonda onu da bildirək ki, "Roma" və "Latsio" İtaliya paytaxtını təmsil edir və bir-biri ilə əzəli rəqibdi. Hazırda isə dünya futbolunda Azərbaycan reklamı ilə çıxış edən iki klub var ki, onlardan biri İspaniya La Liqasında çıxış edən Madrid "Atletiko"su, digəri isə Fransanın 2-ci Liqasında mübarizə aparan "Lans"dı.
Shares: