"Simurq"un yarımüdafiəçisi Rövşən Əmiraslanov klubla yollarını ayırmağa qərara alıb. Bəzi mətbuat orqanlarında buna səbəb kimi futbolçunun zədəli olması göstərilsə də, Əmiraslanov futbolinfo.az saytına açıqlamasında məslənin gizli məqamına toxunub:
"Düzdü zədəm var idi. Amma indi yaxşıyam. Məşqçi məni çağıraraq heç bir səbəb göstərmədən ikinci komandaya göndərmək istədiyini dedi. Mən isə razı olmadım. Daha doğrusu, bunu özümə yaraşdırmadım. Ona görə rəhbərliklə görüşərək müqaviləmin ikitərəfli qaydada pozulmasını istədim. "Simurq"dan dost kimi ayrılıram. Artıq komandanın düşərgəsini tərk etmişəm. Fərdi məşqlər edirəm. Hələ heç bir klubdan təklif yoxdu. Ümid edirəm ki, qış fasiləsində yeni klubum olacaq".
Maraq üçün xatırladaq ki, Əmiraslanov karyerası ərzində "Şəmkir", MOİK, "Masallı", "İnter" və "Qəbələ" kimi klublarda da çıxış edib. O, Azərbaycanın U-17, U-19 və U-21 yığmalarının da şərəfini qoruyub.





