Türkiyənin “Dənizlispor” klubu azərbaycanlı futbolçu Arif İsayevdən imtina edib. Futbolinfo.az xəbər verir ki, bu barədə klubun prezidenti Mehmet Özsoy açıqlama verib.
O, Türkiyə mətbuatına yazılı açıqlamasında bildirib ki, İsayev, eləcə də komandanın digər futbolçusu Bayram Fatai daha bu komandanın oyunçuları deyil. Ariflə klub arasındakı müqavilə qarşılıqlı razılıq əsasında ləğv olunub. Fətai ilə müqaviləyə isə klub tərəfindən birtərəfli qaydada xitam verilib.
Qeyd edək ki, Arif 2013-cü ilin əvvəlindən "Dənizlispor"da çıxış edirdi. Amma o, bu mövsüm bir o qədər də heyətə düşə bilmirdi. Son dövrlər ciddi zədə ilə üzləşən həmyerlimizin komandadan ayrılacağını "Dənizlispor"un baş məşqçisi də bəyan etmişdi. Amma İsayev həmin xəbəri təkzib etmişdi. Bu dəfə isə klub prezidenti hər şeyə tam dəqiqliyi ilə aydınlıq gətirib.
Maraq üçün bildirək ki, "Dənizlispor"da Saşa Yunisoğlu da çıxış edir.





