“Rəvan”ın yayda İsveçin “Hammarbü” klubundan 2014-cü il iyulun 15-dək icarəyə götürdüyü Sebastyan Kastro-Telyo müsahibə verib. Futbolinfo.az xəbər verir ki, isveçli yarımmüdafiəçi Bakı təmsilçisini niyə erkən (oktyabrın əvvəllərindən) tərk etdiyinə aydınlıq gətirib.
– “Hammarbü”dən “Rəvan” klubuna mövsümün sonuna kimi icarəyə verilmişdiniz. Ancaq İsveçə vaxtından əvvəl qayıdıb, Azərbaycana dönməkdən imtina etdiniz. Səbəb nə idi?
– Klub müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirmədi. Əgər müqaviləyə riayət olunmursa, başqa ölkədə qala bilməzdim. Mən belə şeyə öyrəşməmişəm. Sizə ödənilməli pulu ala bilmirsənsə, orda qalmağa dəyməz. Bakıda kirayəyə tutduğum mənzilin pulunu da özüm ödəməli idim. 2 dəfə özüm ödədim. Başqa ölkədə vaxt itirməyə ehtiyac görmədim. Çünki onlar başqa şeylər də söz vermişdi, ancaq yerinə yetirmədilər.
– Bəs geri qayıtmağınıza görə “Rəvan” sizinlə əlaqə saxlamadı?
– Əlaqə saxladılar. Dedilər ki, qayıt, pulunu al. Mən isə dedim ki, yox, qayıtmaq istəmirəm. Əgər onlar pulumu göndərsəydilər, onda ora qayıtmağım mümkün olardı. Belədə isə qayıtmaqla risk etmiş olacaqdım.
– Klub müqavilənizi pozmağınızla razılaşıb?
– Mən bildiyimə görə, müqavilə tam şəkildə pozulmayıb. Bəzi adamlar mənə bunda kömək etməyə çalışır. Heç vaxt ehtiyat oyunçu qismində olmamışam. Sadəcə istəyirəm ki, futbol oynamağıma imkan verilsin. Düşünürəm ki, müqaviləm qarşılıqlı şəkildə pozulacaq. Mən klub prezidenti ilə danışmışam. Bizim aramızda yaxşı dialoq alındı. Ona dedim ki, mən komandaya qayıtmaq istəmirəm. Müqaviləmi pozmaq istədiyimi və ona bunu nəzərə alacağına görə təşəkkür etdiyimi bildirdim.
– Orda oyununuz necə alındı?
– Deməzdim ki, hər şey çox yaxşı alındı. Ancaq əla formada idim. Bakının kənarında yerləşən çox yaxşı bir meydançada oynayırdıq.
– Hələ 2 il müqavilə ilə məxsus olduğunuz “Hammarbü”də çıxışınızı davam etdirəcəksiniz?
– “Hammarbü”də məşqlərə başlamaq arzumdu. Əgər Azərbaycanla hər şeyi yoluna qoya bilsəm, “Hammarbü”də məşqlərə başlayacağam. Ancaq “Rəvan” mənimlə müqaviləni hələ pozmayıb. Hazırda fərdi şəkildə Nebez Kurbanla (“Mançester Siti”nin italyanmənşəli isveçli hücumçusu Yon Qvidettinin fiziki hazırlıq üzrə məşqçisi – red.) məşq edirəm. Komanda ilə məşqlərə başlamalıyam. Belə hal mənim üçün məyusedicidir.
– Amerikalı məşqçi Qreqq Berhalterin vaxtında “Hammarbü”də ehtiyatda qalırdınız. İndi isə komandaya Nanne Berqstrand başçılıq edir…
– O, “Kalmar”da çalışdığı vaxt çox yaxşı komanda qurub. Çoxlu futbolçu yetişdirib. Berqstrandı insan kimi yaxşı tanımıram. Ancaq düşünürəm ki, o həqiqətən yaxşı məşqçidi.
– “Europa” kanalında deyildi ki, siz Stolkholmda Andrea Doria ilə futzal oynayırsınız. Bu, doğrudu?
– (gülür) Mən də bunu dünən eşitmişəm. Bu xəbəri eşitmək maraqlı idi. Ancaq heç vaxt belə müqaviləmin olduğunu bilmirdim. Düzdü, futzalda çoxlu tanışlarım var. Oyunlarda olmuşam və hətta əla bir ötürmə də vermişəm. Necə deyərlər, top yumrudu… (apasport.az)





